Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Dişlərimiz yenidən yetişdirilə bilər

Yaponiyalı elm adamları heyvanlarda yeni dişlərin yetişdirilməsinə nail olublar. İndi isə bu ideyanın insanlar üzərində də  testləri planlaşdırılır.Uzun illərdir ki alimlər böyük məməlilərin orqanizmlərində yeni dişlərin yetişdirilməsi ideyasını reallaşdırmağa çalışırlar. Bir neçə il ərzində aparılmış təcrübələrin nəticələri göstərir ki, bu ideya  artıq insanlar üzərində də tətbiq edilə bilər. Sözügedən ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş texnologiyanın müəllifi olan Katsu Takahashi bildirib ki, o, bu ideya üzərində hələ tələbəlik illərindən məşğul olmağa başlayıb. Uzun illər ərzində aparılmış təcrübələr onu və onun komandasını USAG-1 adlı genin kəşf edilməsinə gətirib çıxarıb. Məlumatda qeyd edilib ki, sözügedən genə təsir etməklə yeni dişlərin böyüməsini stimullaşdırmaq olar.

Qeyd edək ki,  2018-ci ildə aparılmış təcrübi müalicə çərçivəsində mütəxəssislər siçanlarda yeni dişlərin böyüməsinə nail olmuşdular. Mütəxəssislərin apardıqları müşahidələr nəticəsində məlum oldu ki, USAG-1 adlı gen müəyyən zülallarla  qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Bu mexanizmin bloklanması öz növbəsində yeni dişlərin böyüməsinə təkan verən BMP zülalının siqnallarını ötürməyə imkan yaradır.

"Yeni dişlərin yetişdirilməsi ideyası hər bir stomatoloqun arzusudur. Bizim araşdırmalarımız bu ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş tibbi üsulun istifadəsinə yol açmalıdır", - deyə Katsu Takahashi qeyd edib. Bu üsulun insanlar üzərində ilk klinik testlərində doğuşdan bir və ya bir neçə dişin olmaması kimi genetik xəstəlikdən əziyyət çəkən insanlar iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, hüceyrə əsaslı təcrübi texnologiyalardan fərqli olaraq bu yeni üsul doğuşdan müşahidə edilən tibbi problemlər üzərində çalışmağa imkan verir. İnsanlar üzərində testlərə 2024-cü ilin yay fəslində start verilməlidir. Əgər hər şey yolunda gedərsə, mütəxəssislər sözügedən müalicə üsulunu 2030-cu ilə kimi hamı üçün əlçatan vəziyyətə gətirməyi planlaşdırırlar.

 

Zəlzələdən əvvəlcədən xəbər tuta bilərik

Bu gün dünyanın qarşısında duran ən böyük təhlükələrdən biri də  zəlzələlərdir. Texnologiya bir çox sahədə inkişaf etsə də, alimlər bu təbii fəlakəti əvvəlcədən proqnozlaşdıra bilmirdi. Lakin "Science" jurnalında dərc olunan araşdırmaya görə,  zəlzələni 2 saat əvvəldən xəbər vermək mümkün olacaq.

Bildiyimiz kimi, hazırda  zəlzələnin baş verməsindən yalnız 2-3 saniyə əvvəl  xəbər vermək olur. Lakin bu müddət bütün tədbirlərin görülməsi üçün yetərli hesab olunmur. Fransanın Kot d'Azur Universitetinin alimləri  dünyada baş verən 100-ə yaxın böyük zəlzələdən GPS məlumatlarını əldə ediblər. Daha sonra bu məlumatları təhlil edərək təbii fəlakətin baş verməsindən 2 saat əvvəl yaranan siqnalları aşkarlayıblar. Məhz bu siqnallar vasitəsilə zəlzələni 2 saat əvvəldən proqnozlaşdırmaq mümkün olacaq. Təbii ki, bu məlumatları təhlil etmək elm adamları üçün müəyyən qədər çətin olub. Lakin nəhayət zəlzələdən əvvəl yaranan xəbərdarlıq siqnallarını aşkar edə biliblər. Bu siqnallar insanın hiss edə bilməyəcəyi qədər yavaş yeraltı hərəkətlərdir. Bunları sadəcə cihazlar hiss edə bilər.

Alimlər bu fikri daha əvvəl baş vermiş 100-ə yaxın zəlzələ üzərində sınaqdan keçiriblər. Həmin zəlzələlərin rixter şkalasındakı gücü 7 bal və ondan daha çox olub. Nəticədə isə məlum olub ki, hər bir zəlzələnin baş verməsindən təxminən 2 saat əvvəl müəyyən siqnallar yaranır.

 

Süni zəka sayəsində bu da mümkün oldu

Nyu-York-un hüquq-mühafizə orqanları insanların sürücülük üslublarını analiz edən süni zəka sistemi vasitəsilə narkotik alverçisini yaxalayıblar. Məlumatda qeyd edilib ki, David Zayas adlı şəxs Nyu-York ştatının şimalında yerləşən Skarsdeyl adlı kiçik şəhərdə avtomobili idarə edən zaman polislər tərəfindən saxlanılıb. Verilmiş məlumata əsasən, cinayətkarın yaxalanması üçün hüquq-mühafizə orqanları regionda yol hərəkəti vəziyyətini analiz edən  "Rekor" adlı şirkətin xidmətlərindən istifadə ediblər. Aparılmış monitorinq çərçivəsində şirkətin süni zəka əsaslı alqoritmi David Zayası şübhəli şəxs kimi təyin edib.

Məlumat üçün qeyd edək ki, sözügedən şirkət özünü yol hərəkətinin intellektual idarəsi platforması adlandırır. O, ABŞ-ın polis departamentləri və digər dövlət müəssisələri ilə əməkdaşlıq edir. Nyu-York ştatında həftəlik 16 milyon avtomobili skan edən 480 ədəd kamera quraşdırılıb.

 

Çin Aya insan göndərəcək

Çin, 2027-ci ilə qədər yeddi nəfərlik ekipajı olan və təkrar istifadə edilə bilən ilk kosmik gəminin hazırlanacağını, daha sonra isə Aya insan göndərməyi planlaşdırdığını açıqlayıb

Çinin Milli Kosmos Administrasiyasının (CNSA) 2004-cü ildən bəri davam edən "Çin Ay Kəşfiyyat Proqramı" (CLEP) çərçivəsində 2030-cu il tarixinə qədər tamamlanması planlaşdırılan "Zhang 6", "Zhang 7" və "Zhang 8" pilotsuz kəşfiyyat missiyaları ilə Ayın cənub qütbü  tədqiq ediləcək. Bu missiyalarla yanaşı, həmçinin Aya insan göndərilməsi də planlaşdırılır. Bundan əlavə,  kosmik proqram çərçivəsində Ayın səthində  kosmik stansiya tikintisi üçün yeni kosmik gəmilər də  istehsal olunacaq. Verilən məlumata görə, adı hələ ki açıqlanmayan  yeni kosmik gəminin 2027-ci ilə qədər hazırlanması, 2030-cu ildə isə  həyata keçirilməsi planlaşdırılan Aya insanlı uçuşda istifadə ediləcəyi nəzərdə  tutulur.

7 nəfərlik ekipaj tutumuna malik olacaq kosmik gəminin Çinin Shincou gəmisi ilə müqayisədə 1650 dərəcə Selsiyə qədər yüksək temperatura qarşı 3-4 dəfə daha çox davamlı olacağı açıqlanıb. Kosmik missiyaların xərclərini azaltmaq məqsədilə isə  gəminin  on dəfə təkrar istifadə üçün nəzərdə tutulduğu qeyd edilib. Təxminən 8,8 metr uzunluğunda olan kosmik gəminin çəkisi 21,6 ton ağırlığında olacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".