DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ İRANA QARŞI HƏRBİ GÜC TƏTBİQİNI İSTİSNA ETMİR

“Rəsmi Vaşinqtonun İranla nüvə proqramı ilə bağlı sazişin əldə edilməsində diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ bu ölkəyə qarşı hərbi güc tətbiq edə bilər”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Nə biz, nə də ABŞ prezidenti Cozef Bayden bunu istəmirik. Lakin bütün digər variantlar uğursuz olarsa, ən son seçim hərbi variant olacaq. Prezident açıq şəkildə bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İranın Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60 faizə qədər zənginləşdirməyə start verdiyi barədə xəbərlər yayılıb.

Eyni zamanda, Robert Melli əlavə edib ki, üstünlük həmişə diplomatiyaya verilir, lakin İran həqiqətən sazişə qayıtmaq istəyini nümayiş etdirmir. Onun sözlərinə görə, ABŞ-ın rolu iranlıların hüquq və azadlıqlarını qorumaq məqsədilə İrana qarşı sanksiyalar tətbiq etməkdən ibarətdir.

 

MONQOLUSTANDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyaları fonunda fövqəladə vəziyyət elan edilib. “Report”un məlumatına görə, parlament hökumətin paytaxtda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.

Bildirilir ki, Ulan-Batorda üç gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 6 nəfər yaralanıb. Məlumata əsasən, etirazçılar hökumət binasına hücuma cəhd edib.

Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Verilən xəbərə görə, ümumilikdə 12,9 milyard dollarlıq kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham edirlər.

Qeyd edək ki, Monqolustan ixracatının 86 faizi, o cümlədən daş kömürün yarısından çoxu Çinə tədarük olunur.

 

ENTONİ BLİNKEN ÇİNDƏ KEÇİRİLƏN ETİRAZLARI DƏSTƏKLƏYİB

ABŞ dövlət katibi Entoni Blinken Çində koronavirus tədbirlərinə qarşı etirazları dəstəklədiklərini bildirib. “TRT”nin verdiyi xəbərə görə, dövlət katibi “CNN” telekanalında Ceyk Tapperin aparıcılığı ilə yayımlanan “State of Union” proqramında sualları cavablandırıb.

Aparıcının ABŞ-ın Çindəki “COVID-19" etirazlarına dəstək olub-olmaması sualına Blinken “Əlbəttə ki, dəstəkləyirik” cavabını verib. “İstər Çində, istər İranda, istərsə də dünyanın digər yerində insan hüquqlarını, sülh məqsədli etiraz və ifadə hüququnu müdafiə edirik”, - deyə dövlət katibi əlavə edib.

Gələn ilin əvvəlində Çinə səfər edəcəyini xatırladan Entoni Blinken səfəri zamanı bu məsələni gündəmə gətirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Çində koronavirusa yoluxma sayının sürətlə artması səbəbindən hökumət “sıfır yoluxma” tədbirləri çərçivəsində bölgələrdə karantin, səyahət məhdudiyyətləri, istehsal, ticarət və xidmətlər sahəsində müəssisələrin fəaliyyətlərinin məhdudlaşdırılması və ya müəyyən müddətdə qapalı işləmə kimi sərt və geniş tədbirlər görüb. Sərt tədbirlərə reaksiya verən xalq ölkənin müxtəlif yerlərində hökumətə etiraz edib.

 

HINDISTANIN PAYTAXTINDA BİNALARIN SÖKÜLMƏSİ VƏ TİKİLMƏSİ QADAĞAN EDİLİB

Hindistanın paytaxtı Dehli şəhərində havanın rekord həddə çirkliliyinə görə binaların tikintisi və sökülməsi qadağan edilib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Dehlidə havanın keyfiyyət indeksi orta hesabla 407 təşkil edib. Müqayisə üçün qeyd edək ki, şəhər şəraitində təmiz havanın norması 0-dan 50 vahidə qədər olur.

Verilən xəbərə əsasən, havanın keyfiyyətinin idarə edilməsi üzrə komissiyanın təmsil olunduğu meriya binaların tikintisinə və sökülməsinə qadağa qoyulması barədə göstəriş verib. Bundan əlavə, 3,5 milyon əhalisi olan şəhər sakinlərinə şəxsi nəqliyyat vasitələrindən istifadə etməmək və mümkün qədər evdən işləmək tövsiyə olunub.

Eyni zamanda, administrasiya sakinlərdən isitmə üçün kömürdən istifadəni müvəqqəti dayandırmağı xahiş edib. Belə ki, gecə Hindistan paytaxtında temperatur müsbət 12 dərəcəyə düşür.

 

“POLİTİCO”: QƏRBLƏ RUSİYA ARASINDA “PROKSİ MÜHARİBƏ” GEDİR

ABŞ-ın “Politico” nəşri rəsmi Kiyevə böyük həcmdə silahların ötürülməsi fonunda Pentaqonun müdafiə sənayesinin sürətini artırmaq səylərinə həsr olunmuş məqaləsində Ukraynada baş verənləri Qərb və Rusiya arasında “proksi müharibə” adlandırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bir müddət öncə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko da bildirmişdi ki, Moskva ilə münasibətlərin hər hansı istiləşməsindən danışmağa ehtiyac yoxdur, alyans Rusiyaya qarşı “proksi müharibə” aparır.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynadakı münaqişənin tərəfi deyil və baş verənlərə cəlb olunmasına imkan verməyəcək.

Nəşr qeyd edib ki, dekabrın 3-də Kaliforniyada hərbi rəhbərlərin, Konqres üzvlərinin və müdafiə şirkətlərinin direktorlarının bir araya gəldiyi illik Ronald Reyqan Milli Müdafiə Forumunda “elə bir hiss var idi ki, sanki köhnə pis günlər geri qayıdıb. ABŞ və onun Avropalı müttəfiqləri hələ də problemin öhdəsindən tam gələ bilmirlər”.

 

AVROPANIN 25 ÖLKƏSİNDƏ “ÇİRKLİ PULLARIN YUYULMASI” ƏMƏLİYYATI KEÇİRİLİB

Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 25 ölkədə çirkli pulların yuyulmasına qarşı keçirilən əməliyyatda 2469 nəfərin saxlanıldığı, 8755 pul kuryerinin və 222 işə götürənin müəyyən edildiyi bildirilib. “Teleqraf.com”un xəbərinə görə, təxminən 1800 müxtəlif bank və qurumun dəstək verdiyi əməliyyatda 4089 şübhəlinin 17,5 milyon avro “qara pulla” ələ keçirildiyi qeyd edilib.

Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv dövlətlərin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib.

Günahsız insanların “çirkli pulların yuyulması” alətinə çevrilməsinin qarşısını almaq istəyən Avropol bu gündən etibarən insanları sosial mediada maarifləndirməyə çalışacaq.

Məlumat üçün qeyd edək ki, Avropol bir müddət öncə “çirkli pulların yuyulması” cinayəti ilə mübarizə üçün 7 əməliyyat həyata keçirib. Əməliyyat zamanı saxlanılan şəxslər və onların kimliyi barədə məlumat verilməyib.

 

ALMANİYA “F-35” QIRICILARI ALMAQ ÜÇÜN 10,5 MİLYARD DOLLAR VƏSAIT AYIRACAQ

Almaniya ABŞ-ın 35 ədəd beşinci nəsil “F-35” qırıcısının alınması üçün 10,5 milyard dollar vəsait ayıracaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə hökumətin müvafiq sənədinə əsasən “Bloomberg” nəşri məlumat yayıb.

Sənədə əsasən tədarüklər 2026-2029-cu illər üçün nəzərdə tutulub. Qırıcıların alınmasına vəsait Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün yaradılan və həcmi 100 milyard avro təşkil edən xüsusi fonddan ayrılacaq.

Məlumata əsasən, rəsmi Berlin həmçinin “hava-yer” tipli raketlər də əldə etmək niyyətindədir.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxışı zamanı qeyd edib ki, qırıcı təyyarələr ölkənin NATO-ya töhfə verməyə davam etməsi üçün vacibdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.