Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ABŞ “TAXIL SAZİŞİ” İLƏ BAĞLI RUSİYAYA KÖMƏK ETMƏYƏ HAZIR OLDUĞUNU BILDIRIB

ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazır olduğunu açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen brifinq zamanı bəyan edib.

“İlk növbədə, Rusiya nə tələb etdiyini dəqiq bilməlidir. Onlar bir sıra müxtəlif tələblər irəli sürüblər. Bunların hamısı Rusiyanın müxtəlif qurumlarının özəl sektordan xidmət ala bilməməsi ilə bağlı idi”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Ceyms O'Brayenin sözlərinə görə, Rusiyanın dilə gətirilən problemləri Qərbdə özəl sektorda təchizatçılarla çətinlik çəkən Rusiya Federasiyasının konkret kommersiya təşkilatlarına aiddir.

Eyni zamanda, ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru qeyd edib ki, Ukrayna son 6-8 ay ərzində demək olar ki, 60 milyon ton taxıl ixrac edib: “Onların 32 milyon tonu BMT-nin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsündən keçib və bu təşəbbüs çərçivəsində böyük gəmilər Odessadan dünya bazarlarına çıxa bilib”.

 

NİGERIN HƏRBI XUNTASI FRANSA İLƏ BÜTÜN ANLAŞMALARI LƏĞV ETDİ

Nigerdə son çevriliş nəticəsində hakimiyyətə gələn hərbi xunta Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, bu qərar əsasında Nigerdə yerləşən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir.

Məlumata əsasən, öz növbəsində, Fransa hakimiyyəti Nigerin Parislə hərbi sazişləri denonsasiya etmək qərarını tanımaqdan imtina etdiyini bildirib.

“Fransa xatırladır ki, müdafiə sahəsində Nigerlə əməkdaşlığın hüquqi əsası Nigerin legitim hakimiyyəti ilə bağlanmış müqavilələrə əsaslanır”, - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bununla yanaşı, hakimiyyəti ələ keçirmiş hərbi xunta istənilən kənar təcavüzə dərhal cavab verməklə hədələyir.

Xatırladaq ki, Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ABŞ və dünya ictimaiyyətinə müraciət edərək, Nigerdə konstitusion düzənin bərpasına kömək etməyə çağırıb. Artıq bir neçə Afrika ölkəsi devrilmiş prezidentin hakimiyyətə qaytarılması üçün Niger ərazisində hərbi əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlayıblar.

 

İMRAN XAN AZADLIQDAN MƏHRUM EDİLDİ

Pakistanın keçmiş baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Açıqlamaya əsasən, sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir.

Eyni zamanda, qəzetin məlumatına görə, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

 

ÜST: VƏBA XƏSTƏLIYININ DÜNYA ÜZRƏ YAYILMA RİSKİ ÇOX YÜKSƏKDİR

Cari ilin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilir ki, vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğu qeyd edilən ÜST-ün informasiya bülletenində ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat öz əksini tapıb. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı.

“Yoluxma hallarının sayının artm

asını və  yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir”, - deyə təşkilatın açıqlamasında vurğulanır.

Qeyd edək ki, vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması xarakterik cəhətlərdir. Həmçinin vəba xəstəliyində ölüm halları çox yüksəkdir.

 

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏTƏNDAŞLARINI LİVANI TƏCİLİ TƏRK ETMƏYƏ ÇAĞIRIB

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və silahlı münaqişə bölgələrinə yaxınlaşmamağa çağırıb. Bu barədə “Teleqraf.com”un məlumatında qeyd olunur.

Səfirlik tərəfindən edilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərə yaxınlaşmamaları barədə xəbərdarlıq edilib və Livan ərazisini dərhal tərk etmələri istənilib.

Bununla yanaşı, açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarının Livana səyahətini qadağan edən qərara əməl etməyin vacibliyi də vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Livandakı ən böyük qaçqın düşərgəsi olan Ayn əl-Halvada iyulun 29-dan bəri fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında baş verən qarşıdurmalarda 12 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Livanlı tərəflərin vasitəçiliyi ilə iyulun 31-də düşərgədəki fələstinli qruplar arasında atəşkəs əldə olunub. Lakin buna baxmayaraq, tərəflər arasında vaxtaşırı münaqişələr davam edir.

 

DANİMARKA İSVEÇİN ARDINCA SƏRHƏD NƏZARƏTİNİ GÜCLƏNDİRİB

İsveçin ardınca Danimarka da Quranın yandırılması ilə bağlı hərəkətlərə görə təhlükəsizlik tədbirlərini gücləndirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Local” nəşri məlumat yayıb.

Bildirilir ki, Kopenhagendə nümayişçilərin Quranı yandırdığı son nümayişlərlə bağlı təhdidlərə görə Danimarkanın Almaniya və İsveçlə sərhədlərində nəzarət gücləndiriləcək.

Məlumata əsasən, sözügedən qərar Milli Polis Kəşfiyyat Xidmətinin tövsiyəsi əsasında qəbul edilib və avqustun 10-dək qüvvədə olacaq.

Qeyd edək ki, bir neçə gün öncə müqəddəs kitabın yandırıldığı aksiyalarla bağlı mümkün nəticələrə görə İsveç polisi təhlükəsizlik vəziyyətinin pisləşməsi və terror hücumları riskinin artması ilə əlaqədar milli səviyyədə xüsusi tədbirlər elan edib.

Eyni zamanda, İsveç hökuməti polisə insanları dayandırmaq və axtarış aparmaq üçün daha geniş səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini gücləndirib.

 

DÜNYADA ƏRZAQ QİYMƏTLƏRİNDƏ ARTIM MÜŞAHİDƏ OLUNUR

Anomal istilər və tədarüklə bağlı məhdudiyyətlər fonunda dünyada ərzaq qiymətləri artıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd olunub.

Verilən xəbərə əsasən, iyul ayında qida məhsullarının qiymət indeksi 1,3 faiz artıb. Həmçinin iyun ayında iki illik minimuma çatdıqdan sonra üç ayda ilk dəfə olaraq belə bir artım qeydə alınıb.

Eyni zamanda, qiymətlərin artmasına dünyada tədarüklə bağlı yaşanan problemlər ciddi təsir edib.

Bununla yanaşı, ərzaq qiymətləri indeksinin dəyəri ötən ilin martında müəyyən edilmiş rekorddan xeyli aşağı olsa da, onun artması ərzaq inflyasiyası üçün yeni riskə çevrilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.