Ecazkar və füsunkar: Təbii sərvətlərimiz
Ekologiya

Ecazkar və füsunkar: Təbii sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Zaqatala Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

 

Zaqatala Dövlət Təbiət Qoruğu

Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 23844 hektar sahədə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır. Qoruq Gürcüstan Respublikası ilə həmsərhəddir.

Hələ 1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına başlanmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü - Böyük Qafqazın şimal-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Qoruğun yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarındakı nadir bitkilərin təbiət komplekslərinin qorunmasıdır.

Qoruq çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə əhatə olunur. Qoruğun şimal hissəsində dağlar, şiş zirvəli sal qayalar yerləşir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olur. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 650-3646 metr arasında dəyişir. Burada yüksəklik artdıqca qoruğun iqlimi dəyişir. Aşağı və dağ qurşaqları (800-2200 metr hündürlükdə) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür. Qoruğun əsasını flora tərkibi dağlıq meşələr və çəmənliklər təşkil edir.

Ərazinin əsas suxurları gilli şistlər və qum daşlarından, torpaq örtüyü əsasən ibtidai dağ-çəmən, dağ-çəmən-meşə və qonur meşə torpaq tipindəndir. Qoruqda fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. ağaclar bitir. Bu meşələrdə dəmirqara, zoğal, əzgil, alça və başqa kol bitkiləri geniş yayılmışdır. Burada yaşı 200-250 il olan, hündürlüyü 30 metrə çatan fıstıq ağacları vardır. Qoruq ərazisinin 60 faizdən çoxu enliyarpaqlı meşələrdən ibarətdir.

Qoruğun ərazisindən 3 böyük (Mazımçay, Balakənçay və Katexçay) bolsulu çaylar axır. Bu çaylar öz başlanğıcını Böyük Qafqaz sıra dağlarının zirvələrindən götürür və Alazan-Əyriçay vadisindən keçərək Alazan çayına tökülürlər. Zaqatala ərazisindən axan Katex çayının sahilləri qoruq ərazisində hər iki tərəfdən sərt qayalıqlar və sıldırımlarla əhatə olunmuşdur. Katexçayın qolları olan Roçigelçay və Kilsəçayın birləşdiyi yerdə müalicəvi əhəmiyyətli sulfatlı-mineral bulaq var. Bulağın yaxınlığında yayla yaranmışdır. Həmin yaylada çox qədim bir kilsənin xarabalıqları vardır. Kilsəçayın axarı boyunca, təxminən 800-1000 metr aralı çox böyük sahəyə malik Piçigel mağarası yerləşir. Qoruğun işçiləri bu mağaradan gecələmək məqsədilə istifadə edirlər. Mağaranın xarici görünüşü cəlbedicidir. Mağaranın üstündəki monolit qayalıqlardan ibarət yapıq çaya doğru uzanır, bu yapığın kənarında isə həmişəyaşıl sarmaşıqlardan ibarət "divar" sallanır. Mağara həmişə quru olur və bura 200-250 adam rahat yerləşə bilər. Mağaranın ətrafını isə fıstıq, vələs, çinar, çökə, qarağac və s. ağac növlərindən ibarət enliyarpaqlı qədim meşələr bürümüşdür.

Kilsəçay və Katexçayın qarışdığı yerdə 20 metr hündürlükdən dar qayalıqla su dərəyə tökülür və kifayət qədər güclü şəlalə yaranır. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlalə adlanır. Qoruğun ərazisində 10-a yaxın şəlalə və 17 müxtəlif sulfatlı-mineral bulaqlar vardır.

Qoruqda 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. Burada yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın "Qırmızı kitab"ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya "Qırmızı kitab"ına daxil edilmişdir. Qoruğun ərazisində təbiət muzeyi fəaliyyət göstərir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, qaban, ayı, porsuq, tülkü, meşə pişiyi, vaşaq, sincab, gəlincik və digər çöl heyvanları məskunlaşmışdır.

Kamil İSMAYIL,

"Respublika".