Yaşıl Azərbaycan - sağlam gələcək
Ekologiya

Yaşıl Azərbaycan - sağlam gələcək

Müasir dünyada bəşəriyyət bir sıra mürəkkəb problemlərlə üzləşir. Bu problemlər təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünya birliyinin birgə fəaliyyət göstərməsini tələb edən qlobal çağırışlardır.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri bütün dünyada temperaturun artması, dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələri kimi mənfi təsirlərlə özünü göstərən əsas təhlükədir. Qalıq yanacaqların həddindən artıq istifadəsi, meşələrin qırılması və sənaye fəaliyyəti nəticəsində atmosferdə toplanan istixana qazları iqlim dəyişmələrinə səbəb olur və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat edir. Bu məqsədlə ciddi addımlar atılır, islahatlar aparılır, insanları maarifləndirmək üçün tədbir və konfranslar təşkil edilir.

Ölkəmiz iqlim və ətraf mühitlə bağlı yaranan bu problemlərlə yaxından maraqlanır və hazırkı vəziyyətdən olduqca narahatdır. Buna görə də problemə qarşı mübarizədə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu addım ölkəmizin qlobal təşəbbüslərə ilk qoşulan dövlətlər sırasında olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, 2024-cü ilin yaşıl il kimi adlandırılması il boyunca bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli intensivləşəcəyindən xəbər verir.

Qeyd etmək lazımdır ki, Azərbaycan qlobal problemlərin həlli ilə bağlı işlərə bu il başlamayıb. Təkcə keçən il xarici şirkətlərlə 5,9 QVt gücündə bərpaolunan enerji layihələri ilə yanaşı, Türkiyə şirkətləri ilə Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının bərpası üzrə müqavilələr imzalanıb. Bundan başqa, Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi ilə əlaqədar işlərə başlanıldı və xarici şirkətlərlə 1,150 MVt gücündə günəş enerji layihələrinin tikintisi ilə bağlı müqavilələr imzalandı. Şərurda isə 3 MVt gücündə günəş elektrik stansiyası istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində işlər davam etdirildi və bu ərazilərdə 52 MVt gücündə kiçik su elektrik stansiyaları tikildi. Tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Ölkəmizin belə böyük layihələrə xarici şirkətləri cəlb etməsi də xüsusi əhəmiyyət kəsb edir. Həmçinin "yaşıl dünya" üçün atılan addımların çoxalması, onun adət halına çevrilməsinə təkan verəcək.

Ötən il yaddaqalan ən mühüm işlərdən biri də Azərbaycanın ilk sənaye miqyaslı və xarici investisiyalı "yaşıl enerji" stansiyasının açılışı oldu. Belə ki, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Masdar" şirkəti ilə MDB və Xəzər regionunun ən böyük - 240 MVt gücündəki "Qaradağ" Günəş Elektrik Stansiyası istismara verildi. Bundan başqa, 760 MVt gücündə günəş və 240 MVt gücündə külək enerjisi layihələrinin icrası məqsədilə investisiya müqavilələri imzalandı. Dünya ölkələri ilə ortaq atılan addımlar, güclərin birləşdirilməsi, şübhəsiz ki, mühüm məsələdir.

BƏƏ-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də ilk dəfə olaraq pavilyonla təmsil olundu və Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə qərar qəbul edildi. Noyabrda baş tutacaq beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs göstərəcəkdir.

Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı sərəncam bəşəriyyətin gələcəyi üçün qəbul edilmiş sənəddir. Burada qeyd edilib ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Bundan başqa, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan olunub. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bununla yanaşı, ölkəmizin qarşıya qoyduğu hədəflərdən biri də elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasıdır.

Xüsusi qeyd etməliyik ki, Azərbaycanın müharibədən yeni çıxmış ölkə olaraq dünyada baş verən problemlərlə də yaxından maraqlanması, həll yolu axtarması mühüm məsələdir. Belə ki, müharibə bitdikdən sonra dövlətlər öz güclərini tam toplamaq üçün ən az 10 il müddətində necə deyərlər öz qınlarına çəkilirlər. Lakin respublikamız qısa müddət ərzində həm iqtisadi, həm də siyasi gücünü bərpa etdi. İşğaldan azad edilmiş ərazilərimizdə ən yaxşı imkanların yaradılması üçün ciddi addımlar atıldı. Dünya çağırışlarına Azərbaycanın fəal cavab verməsi ölkəmizin qüdrətindən xəbər verir. Şübhəsiz ki, bu il də dövlətimiz həm siyasi, həm də qlobal məsələlərdə öz gücünü bir daha təsdiqləyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".