Yenilməz sərkərdə, qüdrətli ordu, müzəffər xalq birliyinin Zəfər salnaməsi
Siyasət

Yenilməz sərkərdə, qüdrətli ordu, müzəffər xalq birliyinin Zəfər salnaməsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. Noyabrın 8-də Şuşanın düşməndən geri alınması ilə Vətən müharibəsində Qələbənin son ştrixi vuruldu. Noyabrın 10-da Ermənistan məğlubiyyət aktına imza atdı. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Qalib Azərbaycan illərdir həsrətində olduğu, səbirsizliklə gözlədiyi tarixi və qürurverici günlər yaşayır: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən sözdən gerçəyə çevrilir. İndi azadlığına qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə etmək heç də asan deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Ölkə başçısının digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, həmçinin Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra diz çökən Ermənistan kapitulyasiya aktına imza ataraq digər ərazilərin təhvil verilməsi barədə öhdəlik götürdü. Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna, noyabrın 25-də isə Kəlbəcər rayonuna daxil oldu. Birgə Bəyanata əsasən, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.  Ölkəmizin   hərbi  sahədə qazandığı  qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bu, tarixi Zəfərdir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə yüz illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Qısamüddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı. Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirilməsinin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçün də xüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət kəsb edir.

İftixaredici haldır ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərdi. Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda, Azərbaycan xalqının qüdrəti, dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.

Bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin bünövrəsini qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf, mübariz ordu quruculuğunda misilsiz ximətlərini bir daha ehtiramla xatırlayırıq. Bu onun həmişə iftixarla vurğuladığı "Bir millət, iki dövlət"in zəfəridir. Mənfur ermənilərin işğalından azad olunan torpaqlarımızla bütövləşən Azərbaycan onun görmək istədiyi, inandığı arzularının təntənəsidir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi Azərbaycanın müstəqilliyində və idarə edilməsinin demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür, hər keçən gün bu çoxtərəfli siyasi kurs müasir tələblərə tam cavab verən və çevik manevrlər etməyə imkan yaradan mükəmməl idarəetmə sistemi kimi özünün möhtəşəmliyini sübut edir.

Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması heç də təsadüfi deyil. Bunu təmin edən amil xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Xüsusi qeyd etmək lazımdır ki, müstəqil ölkəmizin güclü, qüdrətli ordusunun memarı olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Dövlət başçısı qələbə münasibətilə xalqa müraciətində doğma torpağın azadlığı və sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən qəhrəman döyüşçülərimizin də xatirəsini yad etdi: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq".

Müharibənin qələbə ilə başa çatmasında dost, qardaş ölkələrin dəstəyi də mühüm rol oynadı. İlk saatlardan Azərbaycana dəstək olan Türkiyə dövləti, Prezident Rəcəb Tayyib Ərdoğan son anadək müxtəlif tədbirlərdə, görüşlərdə hər zaman Azərbaycanın yanında olduqlarını deyir, mənəvi dəstək verirdi. 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən hərbi paradda da Türkiyənin Silahlı Qüvvələrinin təmsilçiləri Azərbaycan Ordusu ilə yanaşı addımlayır, türkün gücünü dünyaya nümayiş etdirirdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında imzalanan Bəyannamə iki qardaş ölkənin tarixin sınaqlarından çıxan əlaqələrini yeni müstəvidə davam etdirməyin vacibliyini bir daha təsdiqlədi. Bu tarixi sənəd göstərdi ki, ölkələrimiz bundan sonra da yaxşı və ya dar gündə həmişə bir-birinin yanında olacaq, sevincini, kədərini bir yerdə bölüşəcək. Bu gün hər kəs Bakıda yaradılmış Hərbi Qənimətlər Parkını da eyni qürur hissi ilə ziyarət edir. Düşməndən qənimət götürülən hərbi sursatlar isə asanlıqla əldə olunmayıb, ölüm-dirim savaşında qəhrəman oğullarımız onları qanları, canları bahasına əldə ediblər. Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı, xalqımıza qürur, sevinc yaşatdı, başını uca etdi, düşmənə isə tarixi dərs verdi. Yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən, gücündən isə indi bütün dünya danışır.

Vətən müharibəsinin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü mərdlik və rəşadət göstərmiş, şəhid olmuşdur. Ədliyyə işçiləri ordumuza həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralılara, şəhid ailələrinə dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və "Yaşat" Fonduna əməkhaqlarından könüllü vəsait köçürüb, eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralılara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib. Nazirliyin əməkdaşları döyüşlərdə yaralanıb hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkir, sovqatlar aparırdılar. Həmçinin döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğılarıyla maraqlanıb, onların problemlərinin həll olunması üçün köməklik göstərilib. İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin edilməsi məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb.

Bəli, Vətən müharibəsi artıq tarixə dönüb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq istifadəyə verilib. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda "Ağıllı kənd"in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir".

Elsun  ƏHMƏDOV,

Bərdə Rayon Məhkəməsinin hakimi.