Sülhün predmeti: yeni reallıqlar
Siyasət

Sülhün predmeti: yeni reallıqlar

Ümumiyyətlə, son 30 ildə Cənubi Qafqazda güclər balansının formalaşması ədalətsiz prinsiplərə əsaslanmışdı. Baxmayaraq ki, strateji keçid nöqtəsi kimi regionumuz hamının maraqlarına cavab verir. Lakin son illər burada aqressivlik nümayiş etdirən kənar aktorlar sülh və stabillik vəd etmir, əksinə, onların addımları mövcud vəziyyətin gərginləşməsinə səbəb olur.

Şübhəsiz ki, bu 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərindən sonra şəhidlərimizin canı, qanı bahasına bölgədə yaranan yeni reallıqların aradan qaldırılmasına yönəldilib. Bildiyiniz kimi, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçımızın səsləndirdiyi fikirlər indiki dövrdə Ermənistana və ondan istifadə etməklə Cənubi Qafqazda yerləşməyə çalışan qüvvələrə mühüm ismarışdır.

Mövcud vəziyyətdə Ermənistan üçün açılan "nəfəslik"lərin bağlanacağı aydın görünür. Hazırda İrəvandan istifadə etməklə regionda yerləşmək istəyən Qərb bloku müxtəlif yollara əl atır. Nümunə üçün qeyd edim ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin hərbi eskalasiyasında, məhz sərhəddəki təxribatlarda kənar qüvvələrin rolu böyükdür. Aİ-nin mülki missiyası, Fransanın hərbi əməkdaşlığı, bununla paralel ABŞ tərəfindən gömrük təhlükəsizliyinin təmin olunması vədi, ardınca Kanadanın məhz şərti sərhəddə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm layihələri həyata keçirmək üçün Ermənistana qrup göndərməsi hayları şirnikləndirir.

Burada Ermənistan hakimiyyətində təsir imkanı olan, müxtəlif ölkələrdəki erməni lobbisinin fəaliyyətini xüsusi qeyd etməliyik. Dövlətin və cəmiyyətin maraqlarından yararlanan lobbiçilik fəaliyyəti beynəlxalq məkanda saxta ictimai rəy formalaşdırmağa xidmət edir.

Bununla yanaşı, Xarici İşlər naziri Ceyhun Bayramovun iştirakı ilə yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqların keçirilməsi nəzərdə tutulur. Xüsusilə Münxen Təhlükəsizlik Konfransından sonra bunu sülh prosesi üçün önəmli addım hesab etmək olar. Azərbaycanın müsbət yanaşmalarına rəğmən qeyd edək ki, Ermənistan kənar qüvvələrin sülh danışıqlarına cəlb edilməsini əsas şərt kimi önə sürür. Haylar elə düşünür ki, bununla da Ermənistanın maraqları tam təmin edilə bilər. Amma bu belə deyil. Sülh müqaviləsi üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və ərazi iddialarından əl çəkməkdir.

Yeganə HACIYEVA,

Mətbuat Şurasının İdarə Heyətinin üzvü,

politoloq.