Qondarma rejimin xitamı
Siyasət

Qondarma rejimin xitamı

"Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edərkən söyləyib. Ölkə başçısı bildirib ki, 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan məlum keçmiş münaqişə təkcə bizə qarşı işğalçılıq siyasəti kimi deyil, xalqların birgə yaşayışına ziyan vuran düşmənçilik kimi tarixə düşüb. Ölkə başçımızın rəhbərliyi və yürütdüyü siyasətilə 44 günlük müharibədən sonra qazandığımız qələbə ilə düşmən tapdağı altında qalan torpaqlarımız geri alındı. Tarixi zəfərimizin ən böyük uğurlarından biri də hayların vəhşiliyini bütün dünyaya göstərmək oldu. Nəticə etibarilə 200 ili əhatə edən saxta erməni yalanları ifşa edildi.

Azərbaycan torpaqlarını işğaldan azad etsə də, Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq "dövlətçilik" oyunları oynayırdılar. Qarabağda yaradılan qondarma rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsi, Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan, heç bir qanuni qüvvəsi olmayan bir rejim idi. Ermənistan öz silahlı dəstələrini ərazimizdən çıxarmır, separatçı-terrorçuları dəstəkləyirdi. Ölkəmizin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, vəziyyət dəyişmirdi. Haylar hesab edirdilər ki, guya separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma "qurum" yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Amma onlar və onlara arxa çıxanlar ölkə başçımızın qətiyyətini, zəkasını, yürütdüyü uğurlu siyasəti hesaba almamışdılar. Xankəndidə özlərinə yuva qurduqlarını düşünən separatçı-terrorçuların təslim olmaqdan başqa çıxış yolu qalmadı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda vəziyyət tamamilə dəyişdi. Biz 44 gün və 23 saatlıq hərbi planın uğurlarının canlı şahidləri olduq. Bununla da separatçı rejimin sonu gəldi.

Təkcə Qarabağ ərazisində deyil, sərhəd bölgələrində törətdikləri cinayətlərə görə də keçmiş xunta rejiminin hər bir nümayəndəsi məsuliyyət daşıyır. Ərazilərimizin müxtəlif bölgələrində soyqırımları törədən, indiyə qədər hətta məzarı belə olmayan əsir və girovlara olmazın işgəncə verən bu rejimin rəhbərləri və bütün iştirakçıları mütləq şəkildə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Həbs edilib cinayət məsuliyyətinə cəlb olunanlar və hələ də azad gəzən cinayətkarlar da var. Son vaxtlar Laçın yolunda qoyulan sərhəd-nəzarət-buraxılış məntəqəsindən qaçmağa cəhd edən bir sıra cinayətkarlar da həbs olunub. Azərbaycan dövlətinə, dövlətçiliyinə təhdid yaradan dırnaqarası prezidentlər, baş nazirlər bir-bir öz layiqli cəzalarını alırlar. Lokal antiterror əməliyyatlarından sonra da bu proses davam edir.

Separatçı "liderlərin" qandallanaraq Bakıya gətirilməsi ermənilərdə ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar "qəhrəman" elan edilmişdilər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, "erməni xülyalarını" məhv etdi.

Röya RÜSTƏMLİ,

"Respublika".