XOŞBULAQ YAYLAĞI  BİR TAMAŞADIR
Region

XOŞBULAQ YAYLAĞI  BİR TAMAŞADIR

Tükənməz təbii sərvətlərinə görə “Azərbaycanın Uralı” kimi tanınan Daşkəsənin oksigenlə bol Xoşbulaq adlanan füsunkar gözəlliyi ilə unikal məkanından, yaylağından söhbət açmaq istəyirəm.

Ümumiyyətlə qədim xəritələrdə kəndin adı Xanbulaq olaraq göstərilir. Belə ki, kəndin ərazisi keçmişdə Yelizavetpol qəzasına daxil olan Əhmədli, Alabaşlı, Kamanlı, Hacallı, Qarabağlar, Lək, Şadılı və başqa kəndlərin yaylaq yeri olmuşdur. Eyni zamanda Gəncə şəhərinin imkanlı, nüfuzlu insanlarının burada evləri olmuş, yay aylarını bu oksigenlə bol yaylaqda, ecazkar gölün sahilində keçirərdilər. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli qərarı ilə, kəndin adı Xoşbulaq olaraq dəyişdirilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası rayon ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə-Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb. Ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə tədqiq edilib. Kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn olunub. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun Son Tunc - İlk Dəmir dövrü, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir. Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq olunub. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədəd tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insan skeletinin qalıqları aşkar edilib və Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri də tapılmışdır. Arxeoloji abidələrdən tapılmış nümunələr Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntıların və elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünyagörüşləri, dəfn adətləri və ümumilikdə həmin dövrün tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini düşünürlər. Kənd Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir.

2006-cı il iyulun 13-də ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” barədə Sərəncam imzaladı. Bu, dağlar diyarı üçün misli görünməmiş bir iş, Daşkəsənin bu gününə və sabahına dövlət qayğısının parlaq nümunəsi idi. Ölkə başçısının təşəbbüsü ilə bu ulu dağların tükənməz sərvəti əsasında ölkədə güclü polad kompleksinin yaradılması qərara alındı. 2008-ci ilin mart ayında dövlət başçısı Daşkəsən xammalına əsaslanaraq, Gəncədə polad kompleksinin və Det-al alüminium zavodunun təməlqoyma mərasimində iştirak etdi. Bu, qeyri-neft sektorunun inkişafı yolunda atılan addımlardan biri oldu. Beləliklə, dağlar diyarının yeni həyatı başlandı. Qısa müddət ərzində rayonun tarixində əlamətdar hadisə baş verdi. Gəncə-Daşkəsən-Xoşbulaq yolu çəkildi. Uzunluğu 47,4 kilometr. Bu, təkcə daşkəsənlilərə yox, bütövlükdə qərb bölgəsi üçün Xoşbulaq yaylağına istirahətə gələnlərə dəyərli töhfə oldu.

Milli tərkibi azərbaycanlılardan ibarət olan kəndə asfalt döşənmiş, kəndarası yollar nizama salınmış, qazı və suyu daimidir. Həmçinin kənd ərazisində müasir olimpiya mərkəzi də fəaliyyət göstərir ki, turistlərin bu məkandan da istifadə etmək imkanları var. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlılar evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, xama, təndir çörəyi satmaqla gəlir əldə edir. Kənddə Xoşbulaq kənd kitabxana filialları, Mədəniyyət Evi, klub və tam orta məktəb fəaliyyət göstərir. Yay fəsli başlayanda bir çox insanları dincəlmək üçün yerli turizm məkanlarının bahalığından və xidmətlərinin zəifliyindən narazılıq edərək, əsasən Türkiyə və Gürcüstana üz tutsalar da, bir qisim insanlar isə dəbdəbəli istirahətdən qaçaraq dağətəyi rayonlara, oksigenlə dolu unikal təbiəti olan bu kəndə təşrif buyuraraq, əsasən ev turizmindən yararlanırlar. Azərbaycan ərazisində ev turizminin mövcud olduğu bölgələri xarakterizə etsək, Daşkəsən rayonunun onlar arasında həm hava və suyu, həm də qiymət baxımından çox sərfəli olduğunu müşahidə etmək olar. Buraya ən çox gələnlər isə astma-bronx xəstəliyindən əziyyət çəkənlərdir. Yerli sakinlər bu cür xəstəliyi olanlar üçün Xoşbulağın havası və suyunun çox xeyirli olduğunu deyirlər. Burada turistlərin razı qaldığı məqamlardan biri də təbii və keyfiyyətli qida məhsullarının ucuz və asan tapılmasıdır. Eyni zamanda ev turizminin geniş vüsət aldığı Xoşbulaqda istirahət o qədər də baha başa gəlmir. Ərazidə hotel-restoran tipli ailəvi istirahət məkanları da mövcuddur. Bəli, ölkə başçısının diqqət və qayğısı ilə burada əsl yaylaq-istirahət zonası yaradılıb. Xoşbulağın mərkəzindəki gənclər-idman istirahət bazası onların sevimli oylağına çevrilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin məqsədyönlü apardığı ardıcıl tədbirlər nəticəsində Xoşbulaq qəsəbəyə oxşayan bir məkana çevrilmişdir. Xoşbulaqda günü-gündən, bir-birindən yaraşıqlı evlər ucaldılır, yollar çəkilir. Ecazkar Xoşbulaq gölünün kənarında diqqətəlayiq yaşıl zona yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2021-ci il tarixində Daşkəsənə növbəti səfəri daşkəsənliləri sevindirdi. Dövlət başçısı Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə verdiyi tapşırıqları yerində yoxlamış və bir neçə açılışlarda iştirak etmiş, öz xeyir-duasını vermişdir. Bu sahələrin inkişafı minlərlə iş yeri və idxaldan asılılığın azalacağı deməkdir. Əmiliklə demək olar ki, çox önəmli olan yeni qızıl yatağının istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafı üçün böyük üfüqlər açır, Daşkəsən şəhərini, ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün Qarainək bulaqları və Gurbulaq su mənbəyində 5 suqəbuledici qurğu inşa edilmişdir. Mənbədən şəhərə 20 kilometrdən çox uzunluğu olan magistral su kəməri çəkilib. 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.

Hazırda yeni yaradımış su təchizatı sistemi ilə 10 mindən artıq sakin fasiləsiz içməli su ilə təmin edilir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də qurulub. Daşkəsən Sukanal üçün müasir tipli binanın da açılışı olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev yenidən qədirbilən Daşkəsənlilərə diqqət və qayğının bariz nümunəsi olaraq, yeddi min əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri üçün vəsait ayırdı. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.

Zabit XƏLİLOV,

“Respublika”.