Vətənin ölməz oğulları
Region

Vətənin ölməz oğulları

İkinci Qarabağ müharibəsində qazanılan zəfərdə Masallı gənclərinin də rolu böyükdür. Rayon camaatı Vətən naminə şəhid olan qəhrəman övladlarını ürəyində yaşadır, onların şərəfli həyat yollarını örnək sayırlar.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, "Ümidim sənsən" sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədi daşıyan "Vətənin ölməz oğulları" layihəsi çərçivəsində keçirilən tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseynli, Ehtiyatda olan Zabitlər Konfederasiyası sədr müavini, Birinci Qarabağ, Vətən müharibəsi veteranı Camaləddin Məmmədov, Asan xidmət könüllüləri, şəhid ailələri, mədəniyyət işçiləri və gənclər iştirak edirdilər.

Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva çıxışında keçirilən layihənin əhəmiyyətindən danışdı, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı hər kəsin vətəndaşlıq borcu olduğunu dedi.

Çıxış edənlər müharibə veteranı C.Məmmədov, DQİDK-nın Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri E.Hüseynli, ictimai birliyin nümayəndəsi F.Abbaslı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin xalqımızın qəhrəman övladının canı-qanı sayəsində əldə edildiyini, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğulların heç zaman unudulmayacağını dedilər.

Tədbirin axırında sentyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçıları tərəfindən "Təşəkkürnamə"lər təqdim olundu.

Zəfər ORUCOĞLU.