Xalq-iqtidar birliyi TARİXİ QƏLƏBƏMİZİ TƏMİN ETDİ
Siyasət

Xalq-iqtidar birliyi TARİXİ QƏLƏBƏMİZİ TƏMİN ETDİ

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yenilməzliyini, Vətəninə, torpağına bağlılığını, dövlətinə və dövlət başçısına inamını ən nəhayət "Dəmir yumruq" kimi birliyini bir daha sübut etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunmasından 1 il ötür. Möhtəşəm Zəfər bayramımıza sayılı günlər qalıb. Hamı ötən il əldə olunmuş Şanlı Qələbənin təəssüratı ilə yaşayır.

Ali Baş Komandanımız İlham Əliyev demişdir: "Hər kəs gücümüzü gördü. Hər kəs bizim "Dəmir yumruğ"umuz nədir anladı". Vətən müharibəsi başlayanda Ali Baş Komandan İlham Əliyevin bir çağırışına minlərlə Azərbaycan vətəndaşı könüllü olaraq müharibəyə getmək, mənfur düşməni torpaqlarımızdan qovmaq üçün cəbhəyə yollanmaqda israrlı oldu. Hamı kimi Vətən müharibəsi zamanı Ağstafa notarial kontorunun kollektivi də ordumuza lazımi köməkliyi göstərməyi özlərinə borc bilərək bacardığı qədər öz vətənpərvərlik missiyasını yerinə yetirdi. Sözsüz ki, dövlətimiz Azərbaycan Ordusunun təminatını yüksək səviyyədə həyata keçirir.

Məlumdur ki, Azərbaycan regionda güclü iqtisadiyyata malik olan qüdrətli bir dövlətdir. Təbii ki, iqtisadiyyatı güclü olan ölkə müasir standartlarla silahlanmış güclü ordu yaratmaq iqtidarındadır. İqtisadiyyatı bərbad gündə olan Ermənistan illər uzunu "güclü ordusu" haqqında müxtəlif miflər uydurdular, lakin Vətən müharibəsində qələbə Azəbaycan əsgərinin misli görünməmiş şücaətləri, bəşər tarixində oxşarı olmayan döyüş nümunələri ermənilərin uydurduqları mifləri tamamilə alt-üst etdi. İgid Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq heç nədən qorxmadan yalnız irəli getməyi, mənfur düşmənə layiqli cavab verməyi qarşılarına məqsəd qoydular.

Ötən il hər gün cəbhədən Azərbaycan ordusunun qələbə xəbəri gəlirdi. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də böyük uğur qazandı. Şanlı ordumuzun gücünü görən düşmən artıq diz çökərək təslim oldu. Bir sıra ermənipərəst dövlətlər Ali Baş Komandan İlham Əliyevə müharibəni dayandırmağı təklif etsə də, dövlət başçısı buna heç bir əhəmiyyət verməyərək, cəsarətlə bəyan etdi ki, yalnız torpaqlardan ermənilər rədd olub getdikdən sonra bu şərtlər müzakirə oluna bilər.

Məğlub olan ermənilər yüzlərlə hərbi texnikalarını qoyub qaçmaqla canlarını qurtarırdılar. Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Beləliklə, ordumuz Ağdam, Laçın və Kəlbəcər rayonlarına heç bir itki vermədən daxil oldu. İgid əsgərlərimiz müharibə zamanı saysız-hesabsız möhtəşəm döyüş nümunələri göstərərək adlarını tarixə qızıl hərflərlə yazdılar. Hələ də bütün dünya mürəkkəb relyefə malik olan sıldırım qayalar üzərində yerləşən Şuşa şəhərinin azad olunmasına, orada göstərilən döyüş taktikasına təəccüblərini gizlədə bilmirlər.

Bir çox ölkələr Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikasının hərtərəfli öyrənilməsini vacib bilir.

Sevindirici haldır ki, bu gün dövlət başçısının tapşırığı ilə Şuşa şəhərində genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Erməni vandallarının dağıtdıqları milli-mədəni abidələr, məscidlər, görkəmli şəxslərin büstləri bərpa olunur. Şəhərdə irimiqyaslı infrastruktur layihələr həyata keçirilməklə, Şuşa dünyanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Başlanğıcını Hacıqabul, Mincivan, Zəngəzur magistral avtomobil yolundan götürməklə beynəlxalq standartlara cavab verən "Zəfər yolu"nun tikintisi başa çatmaq üzrədir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildi. 2021-ci il may ayının 12-si və 13-də füsunkar gözəlliyə malik olan Şuşada  Cıdır düzündə möhtəşəm “Xarı bülbül” festivalı keçirildi. Ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilərdə inanılmaz dərəcədə sürətli abadlıq-quruculuq işlərinin aparılması hər kəsi qürurlandırır. İşğaldan azad olunmuş ərazilərdə Füzuli Beynəlxalq aeroportu qısa zamanda inşa olundu. Artıq ilk uçuş həyata keçirilmişdir.

Zəngilan və Laçında da hava limanlarının tikintisi başa çatdıqdan sonra bölgədə böyük canlanma olacaqdır. Zəfər yolu, eləcə də hava limanları bölgədə turizmin, ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafına stimul yaradacaqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun "Dəmir yumruq" əməliyyatı torpaqlarımızın yağı düşməndən azad olunmasına, Azərbaycanın parlaq gələcəyinə zəmin yaratdı.

Sabit MUSAYEV,

Ağstafa rayon Notariat ofisinin notariusu.