Region

"VƏTƏN SİZLƏRƏ OĞUL DEDİ"

Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir. Həm də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Dövlətin bu sahədə həyata keçirdiyi sosial siyasət Gəncə şəhərində də uğurla icra olunur.

Şəhər icra hakimiyyəti  və rayon bələdiyyələri tarixi qələbənin qazanılmasında əməyi olan hər kəsi diqqət mərkəzində saxlayaraq onlara xüsusi qayğıkeşlik göstərirlər. Kəpəz bələdiyyə sədri Yaşar Abdullayev və bələdiyyənin  digər əməkdaşları  mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar. Bələdiyyə sədri Yaşar Abdullayev söhbət zamanı qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi  istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Bu gün, hər bir şəhid ailəsi dövlətimizdən, xalqımızdan razılığını bildirir, cənab Prezidentimiz İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlığını ifadə edirlər. Eyni zamanda, Heydər Əliyev Fondu və “YAŞAT” Fondu tərəfindən, onların problemlərinin həllinə operativ köməklik göstərilməsi razılıq və minnətdarlıq hissi ilə xüsusi vurğulanır. Yaşar Abdullayev sonda onu da bildirdi ki, ölkə  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızda həyat yenidən canlanır. Yaxın illərdə həmin ərazilər cənnətə çevriləcək və soydaşlarımız doğma yurdlarına qayıdacaq. Böyük qayıdış gününə lap az vaxt qalıb. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki, müstəqil Azərbaycan dövlətinin başında Türk dünyasının fenomeni, əbədiyaşar, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  İlham Əliyev kimi şöhrətli siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

                                                                                  Babək ƏLİYEV.