TALIŞ KƏNDI: TARIX, MÜASIRLIK, YÜKSƏK ZÖVQ
Region

TALIŞ KƏNDI: TARIX, MÜASIRLIK, YÜKSƏK ZÖVQ

Dağların sinəsinə sığınmış Talış kəndinin müasir görkəmində diqqətçəkən memarlıq elementləri çoxdur, xüsusilə, burada tarix, müasirlik və yüksək zövq, göz oxşayan bir harmoniya yaradır.

Otuz ildən çox erməni əsarətində qalan Talış kəndində hayların törətdikləri vəhşiliyin, etnik nifrətin və azərbaycanlılara qarşı həqarətin həddi-hüdudu bilinmir, işğaldan sonra bu kənddə yaşasalar da burada daşı daş üstünə qoymayıblar. Aydın görünən odur ki, "miatsum" xəyalları ilə kasıbçılıq və səfalət içində çabalayan düşmənin gücü yalnız qədim tarixi-dini abidələri, evləri uçurmağa çatıb, daşnak xislətlilər tarixi ərazilərimizdən izimizi silməyə çalışıblar. Vaxtilə torpaqlarımıza pənah gətirən erməniliyin çirkin mahiyyəti belədir, azərbaycanlılara qarşı düşmənçilik, xain və hiyləgər niyyət, iyrənc və kirli əməllər. Çox mühüm strateji mövqedə yerləşən Talış kəndi 2020-ci il oktyabr ayında qəhrəman Silahlı Qüvvələrimizin bölmələri tərəfindən erməni işğalından azad edilib. Bu kəndin azad edilməsi üçün burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Çünki ermənilər tərəfindən burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti yaratmışdı. Həm də bu istiqamətdə döyüş meydanı kifayət qədər ensiz və kifayət qədər məhdud olduğu üçün üzbəüz döyüş aparılıb.

Peşəkar ordu bölmələrimizin igidliyi sayəsində Talış kəndinin işğaldan azad edilməsi Qarabağdakı uğurlu əməliyyatlar arasında xüsusi yer tutur. Çünki Talış və Suqovuşan kəndlərinin azad edilməsi Silahlı Qüvvələrimizə çox böyük strateji üstünlük verdi. Bu ərazilərdə aparılan şiddətli döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında düşmən Ermənistanın ordusu gücsüz və acizdir, bu kəndlərin işğaldan azad edilməsi tarixi qələbəmizə və zəfərə yol açdı. Talış və Suqovuşan kəndlərində 2021-ci ildən böyük infrastruktur işləri aparılır.

Talış kəndindəki alban-udi və rus-pravoslav kilsələrini erməniləşdirməyə cəhd edən düşmənin bədxah əməllərinin qarşısını qəhrəman oğullarımız cəsarət və hünərlə aldılar. Həmin kilsələr dövlətimiz tərəfindən təmir edilir. Ermənilərdən fərqli olaraq azərbaycanlılar bütün dini abidələrə hörmətlə yanaşırlar. Talış kəndində 20 ailənin rahat yaşaya biləcəyi, müasir tipli fərdi yaşayış evləri tikilib və sahiblərinə təhvil verilib. Evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Rahat, müasir və geniş evlər, həyətyanı sahələr, tövlələr, təsərrüfat anbarları sakinlərin bütün ehtiyaclarını ödəyir və təsərrüfat işlərini aparmağa yardımçı olur. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib, burada dekorativ ağaclar, kollar, güllər əkilmiş, hər bir evin həyətində fərdi əkin sahələri yaradılıb. Kənddə 78 şagird yerlik məktəb binası fəaliyyət göstərir. İkimərtəbəli və mansarlı məktəb binasının tikinti sahəsi 837.80 kvadratmetrdir. Təhsil ocağının bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın təhlükəsizliyi, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Binanın zirzəmisi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı yerləşir, 3-cü mərtəbədə isə akt zalı və kitabxana fəaliyyət göstərir. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş meydança qurulub.

Bundan başqa, kənddə müasir uşaq bağçası tikilib. Burada da uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Kənddə ikimərtəbəli inzibati bina, klub-icma mərkəzi istifadəyə verilib. Evləri istiliklə təmin etmək üçün qazanxana tikilib və burada hər birinin gücü 350 min kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Kənddaxili yolların ümumi uzunluğu 4 kilometrdir. Onun 800 metr olan hissəsinin (mərkəzi yol) yol örtüyü təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ ağaclar və kollar əkilib. Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək yenidən qurulub. Kəndə yeni qaz xətti çəkilib, yeraltı su çənləri və nasosxana quraşdırılıb. Aparılan təmir-bərpa işlərinin birinci mərhələsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və meydan tikilib.

Otuz ildən çox erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad edilib, hər iki bölgə özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun bölmələrinin düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimiz kimi Talış kəndinə də şərəfli və qürurlu bir həyat qayıdıb. 30 ildən sonra doğma yurdlarına qayıtmış sakinlər gündəlik qayğıları ilə məşğul olur, illərdir həsrətini çəkdikləri yurd yerində yaşadıqları üçün özlərini xoşbəxt sanırlar. Hər bir sakin yaradılan şəraitə görə Prezidentimizə minnətdarlığını bildirir, şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edir. Bir sözlə, Talış kəndinin bərpasında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir və bu gözəl məkan turistlərin diqqətini çəkəcəkdir.

Salman ALIOĞLU,

"Respublika".