Aqrar sahənin inkişafı üçün zəmin yaradılıb
Region

Aqrar sahənin inkişafı üçün zəmin yaradılıb

Qax

Son dövrlər ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, onun ənənəvi sahələri olan fındıqçılıq, tütünçülük və baramaçılıq respublikamızın digər müvafiq bölgələrində olduğu kimi, Qax rayonunda da sürətlə inkişaf etməkdədir. Rayonda əhalinin əsas gəlir mənbəyi olan bu sahənin inkişafı üçün möhkəm zəmin yaradılıb.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Fətəliyev bildirdi ki, mərkəzin mütəxəssisləri tərəfindən rayon ərazisində olan kənd təsərrüfatı bitkilərinə  aqrotexniki qulluq işlərinin düzgün və vaxtında aparılmasına dair kəndlərin hər birində səyyar görüşlər təşkil edilir.

Rayonumuzda 2023-cü il üçün 13322 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da  9252  hektarı buğda, 4070 hektarı isə arpa olmuşdur. Sahələrdə aqrotexniki qulluq işləri vaxtında aparılmış, yüksək reproduksiyalı intensiv toxumlardan istifadə olunmuş, xəstəlik və zərərvericilərə qarşı tədbirlər görülmüş, mineral gübrələrdən səmərəli istifadə edilmişdir. Rayon üzrə  arpa sahələrindən 31.3 sentner,  buğda sahələrindən isə 29.3 sentner  məhsul istehsal olunmuşdur. Ümumilikdə, payızlıq əkin sahələrindən  30 sentner olmaqla 37177.4 ton məhsul istehsal edilmişdir.

Qeyd olundu ki, bu il 13000 hektar sahədə payızlıq dənli bitkilərin səpilməsi proqnozlaşdırılmışdır. Payızlıq əkinlərin aparılması üçün 7250 hektar sahədə yay şumu həyata keçirilmişdir. Bununla yanaşı, bu günə qədər sahələrdə 9250 hektar şum aparılmışdır. Hazırda payızlıq səpinlərinə hazırlıq işləri başa çatmaq üzrədir.

Tütünçülük tarixən rayonun iqtisadiyyatında mühüm yer tutmuşdur. Fermerlər tərəfindən 40.5 hektar sahədə tütün əkilmişdir. Bu günə qədər sahələrdən 3073.5 ton yaş tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilmişdir. Tütünün yığım prosesi davam etdirilir.

Bağçılıq, xüsusən də fındıqçılıq rayonun iqtisadiyyatında mühüm yer tutur. Rayonda  bu sahə inkişaf etdirilir, hər il yeni bağlar salınır, seyrəkliklər aradan qaldırılır, aqrotexniki tədbirlər, xüsusən də budama, becərmə, suvarma  və digər işlər görülür.

Bu il rayonumuzda 1644 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Həmin sahələrdə biçin prosesi davam etdirilir. Bu günə qədər 793 hektar sahədə biçin aparılmış hər hektardan 87.3 sentner olmaqla 6925 ton məhsul əldə edilmişdir.

Subsidiyaların verilməsi üçün də EKTİS üzərindən yazlıq və çoxillik əkin yerlərinin müəyyən edilməsi prosesi yekunlaşdırılmışdır. Belə ki, fermerlər tərəfindən 771 hektarda dənlik qarğıdalı, 5473 hektar sahədə fındıq, 511 hektarda təkrar qarğıdalı  əkilməsi müəyyənləşdirilmişdir. Sənədlər DAİM tərəfindən yoxlanıldıqdan sonra təsdiq edilmiş, yazlıq əkinlərin hüquqi sənədi qaydasında olan fermerlərə subsidiya  ödənişləri edilmişdir. Təkrar əkinlər üzrə subsidiya ödənişləri davam etdirilir.

M.NƏRİMANOĞLU,

"Respublika".