Qarabağ və Şərqi Zəngəzur:  quruculuğun üfüqləri
Region

Qarabağ və Şərqi Zəngəzur:  quruculuğun üfüqləri

Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. 30 il doğma yurdlarına həsrət qalan soydaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri həm revanşist ermənilərə, həm də ermənipərəst qüvvələrə, yeni münaqişə ocağı körükləmək istəyənlərə açıq və birmənalı mesajdır ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır və onların iradəsindən kənar heç bir yanaşma və müdaxilə mümkün deyil.

Tarixi qələbədən sonra Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Mənzərə çox qorxunc və dəhşətli idi. Düşmən 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda bütün həyat işartılarını məhv etmişdi, təbiətə qəsdən və bilərəkdən ziyan vurulmuşdu, evlər, yollar, ictimai binalar, zavod və fabriklər, istehsal sahələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, muzeylər, kitabxanalar dağıdılmışdı. Bəşəri cinayətlər törədən hayların xəbis niyyəti elə xəyal olaraq tarixin zibilliyinə atıldı, bu torpaqlar öz azadlığına qovuşdu. Çox böyük inam və qətiyyətlə işlərə başlanıldı. İnkişaf, həyat və uğur fəlsəfəsini, qələbə dastanını yazan liderin ilk tapşırığı da məhz yollarla bağlı oldu. Hazırda azad edilən ərazilərdə onlarla yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir. Son 3 il müddətində Qarabağda və Şərqi Zəngəzurda 1000 kilometrlərlə yol çəkilib, 2 beynəlxalq aeroport inşa edilib, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğaldan azad edilən ərazilər minalardan təmizlənir, bir çox yaşayış massivləri salınır, minlərlə keçmiş məcburi köçkün fərəhlə öz doğma torpaqlarına qayıdır. Qətiyyətlə demək olar ki, Azərbaycanın son bir neçə yüzillik tarixində bu səviyyədə, bu miqyasda möhtəşəm işlər heç vaxt görülməyib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin strategiya, tövsiyə və tapşırığı ilə icra olunan infrastruktur layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Yol həyatdır, inkişafdır. Qələbə və Zəfər yolları Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gətirir, firavanlığı və tərəqqini, əmin-amanlığı, yurd yerlərinə qayıdışı təmin edir.

Dağlardan keçən yollar

İndi yurdumuzun dilbər guşəsinə, ana təbiətin gözəllikdən don biçdiyi, buz bulaqları, yaylaqları ilə adamı ovsunlayan yurd yerlərinə yeni yollar çəkilir, dağların altından keçən tunellər tikilir. Bu da imkan verəcək ki, bütün fəsillərdə o yoldan istifadə edilsin. Həmin yollardan birinin, Suqovuşan-Sərsəng su anbarı - Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb. Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla qrunt sularının çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirilməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunur. Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, yolboyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Bundan başqa, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb. Mütəxəssislərin qənaətinə görə, bu ilin sonuna qədər yolun inşası tamamlanacaq. Qeyd edək ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur.

Bundan başqa, Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq layihə üzrə 81 dairəvi, 32 düz bucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub. Layihə üzrə ümumi uzunluğu 2357 m-lik 7 ədəd tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib və betonlanma aparılır. T-2 tunellərində qazma və qrunt bərkitmə işləri gedir, T-3-də giriş portal çalışmaları davam edir. Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Hər damlasında həyat var

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonlarda mövcud su mənbələri işğalçı ermənilər tərəfindən bərbad vəziyyətə salınıb, bütün infrastruktur dağıdılıb. İşğaldan azad edilən kimi adıçəkilən rayonların ərazisində olan su anbarlarının və kanalların təmirinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət tərəfindən ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən, sututumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisindəki sututumu 23 milyon kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində inşa edilmiş, sututumu 15,5 milyon kubmetr olan 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası işləri həyata keçirilir. Eyni zamanda uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonların ərazisindəki sututarlar və anbarlarda da təmir-bərpa işləri üçün layihə sənədləri hazırlanır. Layihə işləri başa çatandan sonra Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisindəki su tutumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarları təmir və bərpa edilir. Bundan başqa, Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən, sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə layihələndirmə işləri aparılır. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu bölgələrdə formalaşır. Tariximizin bir parçasını yaşadan və əhalisi soyqırıma məruz qalan Xocalıda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir, infrastruktur yaradılır. Hazırda Xocalı şəhərinə içməli su xətti çəkilir və eyni zamanda dayanıqlı su təchizatının yaradılması məqsədilə Madara su mənbəyindən şəhərə magistral kəmərin tikintisi nəzərdə tutulur. Hər iki mənbədən götürülən su anbara toplanacaq və mərkəzi anbarlardan öz axıntı rejimində şəhər əhalisinin, eləcə də ictimai-iaşə və dövlət obyektlərinin su təchizatna yönəldiləcək. Xocalıda yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə tullantı su xətləri çəkilir. Fərdi məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib. İşğaldan azad olunan ərazilərin demək olar ki, hər qarışına su xətti çəkilir. Yaşayış olan inzibati binalar, obyektlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Füzulidə mərkəzi anbarda magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşıb. Kəlbəcər, Ağdam və Cəbrayılda isə xarici su təchizatı, eləcə də şəhərdaxili su və kanalizasiya sistemləri yaradılır. İlin sonuna kimi Laçın şəhərinə də su xəttinin çəkilişi başa çatdırılacaq. Ümumi sututumu 70,5 milyon kubmetr olan "Bərgüşadçay" su anbarının inşası böyük ehtimalla bu il tamamlanacaq. Su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri ilə isə "Qız qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq. Layihə çərçivəsində, həmçinin bəzi rayonların içməli su ilə təchizatı nəzərdən keçirilir.

Yurd yerlərində işıq yanır

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgədə bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma sürətlə aparılır, qarşıya qoyulan hədəflərə çatmaq üçün mücadilə edilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırığı ilə icra olunan layihələr içərisində bölgənin enerji təsərrüfatının yenidən qurulması, dağ çayları üzərində kiçik su elektrik stansiyalarının inşası xüsusi yer tutur. Qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə enerji təsərrüfatı ilə əlaqədar olaraq 40 obyektdə tikinti işləri aparılıb. Qarabağ və Şərqi Zəngəzurda 14 yarımstansiya və 14 su elektrik stansiyası tikilərək istismara verilib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur Regional Rəqəmsal İdarəetmə Mərkəzi işə salınıb. Hər iki bölgədə 9 su elektrik stansiyasının tikintisi davam etdirilir. Su elektrik stansiyalarının 3-ü Zəngilan rayonunda, biri isə Laçın rayonundadır. Həmçinin işğaldan azad edilən ərazilərdə 700 kilometrdən artıq 330 və 110 kilovoltluq ötürmə xətləri çəkilib. Fərəhli haldır ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi enerji sisteminə qoşulub, bir sözlə, hər iki bölgə başdan-başa nura, işıq selinə bürünüb. Artıq Laçında, Zabuxda, Füzulidə, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Cəbrayılda keçmiş məcburi köçkünlərin evlərində, küçələrdə, parklarda işıqlar sayrışır. Axı nahaq yerə deyilməyib ki, Azərbaycanın mayası nurdan yoğrulub, ona görə də dünyada Odlar Yurdu kimi tanınır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işləri davam etdirilir. Yaz aylarında qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur.

Hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb. Ağqaya, Qamışlı və Mərcimək kəndləri istiqamətində isə elektrik təsərrüfatının yenilənməsi işləri aparılır. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasirtipli, izolyasiyalı kabel xətləri çəkilir. Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Həmçinin Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb. Ümumilikdə Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Qarabağ və Şərqi Zəngəzur dağ silsiləsinin yamacları heyrətamiz gözəlliyə qərq olub, alp çəmənliklərində çiçəklər ulduz kimi sayrışır, dağ çaylarının keçdiyi yerlərdə isə dərin və sıldırımlı, duman çökmüş dərələr yaz dumanına bürünüb, təbiətin ecazkar simfoniyası çox cəlbedicidir. Həm də yurd yerlərində 30 ildən sonra işıqlar yanır, bu yerlərdə nur seli axır, sevinc, qürur dolaşır, hər bölgədə üçrəngli bayrağımız dalğalanır.

Salman ALIOĞLU,

"Respublika".