Ürəyinin üstündə bayraq gəzdirən igid
Region

Ürəyinin üstündə bayraq gəzdirən igid

1988-ci ildən Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olub, yaralanıb, itkin düşüb. Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Onların xatirəsi həmişə uca tutulur, qəhrəmanların adı əbədiləşdirilir. Bu günlərdə Horadiz şəhərində Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov adına 3 N-li tam orta məktəbdə şəhidin adının əbədiləşdirilməsi məqsədilə inşa edilən abidə kompleksinin açılış mərasimi olub. Mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, "N" saylı hərbi hissənin nümayəndələri və ağsaqqallar iştirak ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb, torpaqlarımızın şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına azad edildiyini vurğulayıb. Bildirilib ki, qəhrəman qardaşları Füzulidə hamı tanıyır, onlardan biri ən ali məqama, şəhidliyə yüksəlib, biri isə döyüşlərdə ağır yaralanaraq qazi olub. Azərbaycanın hərb tarixinə şərəflə yazılan və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradan Vətən müharibəsində yüzlərlə soydaşımız şücaət və igidlik nümayiş etdirib. Zalov qardaşlarının adı da bu zəfərin qazanılmasında ehtiramla anılır. Füzuli rayonundan olan Fəqan və Nicat Zalov qardaşlarının Vətən müharibəsindəki qəhrəmanlıqları dillərdə dolaşır.

1993-cü ildə Füzuli rayonunun Aşağı Güzlək kəndindən erməni işğalı nəticəsində didərgin düşən ailə bir müddət Sabirabad rayonundakı məcburi köçkünlər üçün salınmış "Qalağayın" qəsəbəsində yaşayıb. Evin kiçik övladı Fəqan 1997-ci il aprelin 1-də bu qəsəbədə dünyaya göz açıb. Hələ uşaq yaşlarından böyüyüb düşməndən qisas alacağını deyirmiş, valideynlərinin yurd həsrəti onu bir an da olsun rahat buraxmayıb. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, hərbin sirlərinə dərindən yiyələnən Fəqan 2016-cı il Aprel döyüşlərində iştirak edib, igidlik göstərib. Hərbi xidmətini başa vuran Fəqan doqquz aydan sonra müddətdən artıq hərbi qulluqçu kimi yenidən Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölüyündə Vətənə xidmətini davam etdirib.

Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında yer alıb. Fəqan Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında düşmənin qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında, strateji yüksəkliklərin ələ keçirilməsində xüsusilə fərqlənib. Sıralarında döyüşdüyü Xüsusi Təyinatlı Qüvvələr tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış kəndi işğaldan azad edilib. Oktyabrın 11-də Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində çox ağır döyüşlər zamanı qəlpə yarası alan Fəqan hospitalda müalicə alıb, bir müddətdən sonra yenidən ön cəbhəyə qayıdıb. Xocavənd istiqamətindəki yüksəkliklərin, eləcə də Qubadlının azad edilməsi uğrunda döyüşlərdə də fərqlənib. Noyabrın 9-da Xocavənd ərazisindəki "Qızılqaya" istiqamətində gedən döyüşlərdə Fəqan qəhrəmanlıqla həlak olub.

Şəhid atası Amil Zalov Fəqanın oğlanları ilə qürur duyduğunu bildirir. Fəqan haqqında danışan ata fəxrlə bildirir ki, o, ürəyinin üstündə üçrəngli bayrağımızı gəzdirirdi. Deyirdi ki, ən böyük istəyi bu bayrağı azad edilmiş hər hansı bir yüksəkliyə sancmaqdır. Oğlum arzusuna çatdı, bayrağımızı azad edilən torpağımıza sancdı. Noyabrın 9-da Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Sarsılsaq da təsəlli tapdıq ki, oğlumuz torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, qanı ilə yaralı Vətən torpağına məlhəm olub. Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kiçik miçman Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Cəsur döyüşçü, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Düşməni ağır məğlubiyyətə uğradan oğulların qanı yerdə qalmadı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Qarabağ azadlığa qovuşdu. Şəhidlərin ruhu bu torpaqlarda əbədi yaşayacaq!

Salman ALIOĞLU,

"Respublika".