Ucalığa yüksələn ömür
Region

Ucalığa yüksələn ömür

Şəhid Anar Əsədovun qəhrəmanlıq dolu həyatı və döyüş yolu qısa olsa da çox mənalı, şərəfli olub. Anar 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Hələ yeniyetmə çağlarından gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılan Anar Vətən qarşısında borcunu layiqincə yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışsa da uşaqlıq arzusu onu rahat buraxmayıb. Anar yenidən könüllü olaraq “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdıb. Hərbin sirlərinə yiyələnib, peşəkarlığını artırıb, döyüş təlimlərində xüsusilə fərqlənib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Anar cəsarəti və hünəri sayəsində ön cəbhədə yerləşən düşmənin atəş nöqtələrini susdurub. Məlum olduğu kimi, ən ağır döyüşlər Füzuli istiqamətində baş verib. Ermənistan silahlı qüvvələri bu istiqamətdə çox güclü istehkamlar qurmuş, tunellər qazıb ərazini keçilməz həddə çatdırmışdılar. Düşmən Azərbaycan oğullarının gücünü və qəhrəmanlığını düzgün hesablaya bilməmişdi. Həmin istiqamətdə cəbhə xəttinin yarılmasında və ərazilərin işğaldan azad edilməsində Anar döyüş yoldaşları ilə birlikdə igidlik nümayiş etdirib. Müharibənin ikinci günü Anar qızğın döyüşlərin birində qəhrəmanlıqla həlak olub. Şəhid doğulub boya-başa çatdığı Kərimbəyli kənd qəbiristanlığında dəfn olunub.

Vətən müharibəsi şəhidi  Anar Rafiq oğlu Əsədovun doğum günündə xatirəsi anılıb, məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, rayonun axundu, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və  kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin qazandığı parlaq qələbədən, ordumuzun peşəkarlığından, əsgər və zabitlərimizin döyüş ruhundan ətraflı söz açıblar. Bildirilib ki, şəhid Anar Əsədov dörd övlad atası olsa da arxada durmadı, Vətənin müdafiəsini və torpaqlarımızın işğalçılardan azad edilməsini hər şeydən üstün tutdu. Qeyd olundu ki, dövlət tərəfindən bütün şəhid ailələrinə, qazilərə, müharibədən ziyan çəkən insanlara davamlı olaraq diqqət və qayğı göstərilir, şəhidlərin adları əbədiləşdirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə hərbi qulluqçu Anar Əsədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin yurdunda dörd övladı böyüyür, onlar atalarının adı ilə qürur duyur, haqlı olaraq fəxr edirlər.

Salman ALIOĞLU,

“Respublika”.