Türk atletlərin İrəvandakı qələbələrini Azərbaycana həsr etmələri qardaşlığın təcəssümüdür
Türk dünyası

Türk atletlərin İrəvandakı qələbələrini Azərbaycana həsr etmələri qardaşlığın təcəssümüdür

Bildiyimiz kimi, aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırıldı. Hadisədən dərhal sonra Azərbaycan Gənclər və İdman Nazirliyi və Respublika Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edib. Atletlər geri dönüblər.

2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən müharibə sayəsində Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı. Müharibə bitsə də, bu günədək Ermənistanın təxribatları səngiməmişdi. Azərbaycan bayrağının yandırılması isə xalqımıza olan nifrətin göstəricisidir. Ermənistan tərəfi bu hərəkəti ilə Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik etmiş və dünya ictimaiyyətində ciddi tənqidə məruz qalmışdır. Belə ki, Avropa Ağır Atletika Federasiyasının qaydalarına əsasən yarışlar zamanı hər hansı siyasi fəaliyyətə dair hərəkətlərin törədilməsi qadağandır. Bu, federasiyanın vacib prinsiplərindən biridir. Bu hadisəyə görə Ermənistan qurumun üzvlüyündən çıxarılmalıdır. Bu ilin mart ayında isə İrəvanda Türkiyə millisi ilə futbol matçı zamanı stadionda erməni azarkeşlər terror xarakterli şüar səsləndirmiş, qardaş ölkənin himnini fitə basmışdılar. Erməni mənfurluğu hər an özünü göstərir. Bayrağımızın yandırılması faktı ilə əlaqədar Avropa Ağır Atletika Federasiyası (EWF) faktla bağlı bəyanat yayaraq insidenti kəskin şəkildə pisləyib. Qurum bu hadisəni idman dəyərlərinə və ədalətli oyunun universal prinsiplərinə hücum hesab edib. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin yarışı tərk etmək məcburiyyətində qalmasından təəssüfləndiyini, həmçinin idmançılarımızın qərarına hörmətlə yanaşdığını vurğulayıb.

Bütün bu faktlar Ermənistanı beynəlxalq aləmdə nüfuzdan salır. Baş verən hadisələrdən sonra türk atletlər çempionatda qazandıqları qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini bildirdilər. Onlar bununla qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu sübut etdilər.

Aprelin 27-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında mükafat qazanan və qələbələrini Azərbaycana həsr edən türk idmançılar Azərbaycana dəvət olundular. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə idmançıları ilə görüşdülər. Görüşdə Prezident İlham Əliyev dedi: "Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə".

Azərbaycan Prezidenti İlham Əliyev türk atletlər - Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün "Tərəqqi" medalı ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bu yerdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdəki çıxışı yada düşür: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam". Azərbaycan olmayan yerdə Türkiyə, Türkiyə olmayan yerdə də Azərbaycan var. Bu hər zaman belə olacaq.

Nəzrin CAVADZADƏ,

"Respublika".