TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU
Region

TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

Yevlax

    Yevlax Rayon Mərkəzi Xəstəxanasında 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə xüsusi karantin rejimi qaydalarına uyğun olaraq tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara bu çətin işlərində uğur və müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin səhiyyəyə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 İyun -- Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində müşahidə olunan inkişaf, həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Hazırda dünyanı ağuşuna almış COVID-19 pandemiyasına qarşı mübarizədə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında görülən qabaqlayıcı tədbirlər nəticəsində  Azərbaycanda  virusun təsirinin azalması müşahidə olunur. Bütün bunlar tibb işçilərinin əzmkar əməyinin nəticəsidir. 44 günlük Vətən müharibəsi dövründə həkimlərimiz həm ön, həm də arxa cəbhədə əsgər və zabitlərimizin, eləcə də yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fədakarlıq nümayiş etdirdilər. 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Onların bu qəhrəmanlığı hər birimizin yaddaşında əbədi qalacaq.

Sonra çıxış edən “Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin direktor müavini-baş həkim Gülağa Əzizov qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.

Tədbirin sonunda fərqlənən tibb işçilərinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Zabit XƏLİLOV,

“Respublika”.

 


Salyan

Salyan Rayon Mərkəzi Xəstəxanasında 17 İyun – Tibb İşçiləri Günü münasibətilə tədbir keçirildi. Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzuladı. Rayon rəhbəri çıxışında qeyd etdi  ki,  yeni növ koronavirus (COVID-19) pandemiyası, yəni ümumbəşəri təhlükə ilə mübarizədə  və 44 günlük Vətən müharibəsi dövründə döyüş cəbhəsində yaralanan əsgərlərimizin sağaldılaraq  həyata  qaytarılmasında ölkəmizin tibb işçilərinin, o cümlədən Salyan Rayon  Mərkəzi Xəstəxanasının tibb işçilərinin  öz vəzifə borclarını ləyaqətlə yerinə yetirmələri, fədakarlıq nümunəsi göstərmələri   xalqımız  tərəfindən xüsusi olaraq vurğulanır.

Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə Salyan Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edildi.

 

Biləsuvar

Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə iştirakçılar  ilk  öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad etdilər.
Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə səhiyyə işçilərini təbrik edərək, onlara çətin və incə işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. F.Qürbətov qeyd etdi ki, son illər ölkəmizdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin  tibb müəssisələrinin açılışlarında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərini  daha da  ruhlandırmışdır. Nəcib peşə sahibləri olan tibb işçilərimiz öz vəzifə borclarını daim şərəflə yerinə yetirərək insanlara həyatda ən şirin nemət olan cansağlığını bəxş edirlər.
Dünyanı bürümüş COVID-19 pandemiyasına qarşı mübarizədə bütün respublikada olduğu kimi, rayonumuzda da tibb işçilərinin gecə-gündüz bilmədən göstərdikləri fədakarlıqlar əhali tərəfindən sonsuz razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Tədbirdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Xoşbəxt Ağayeva çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tədbirin sonunda bir sıra tibb işçisinə Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.

Ərəstun  ABDULOV,

“Respublika”.