MƏNTƏQƏLƏR SEÇKİ GÜNÜNƏ HAZIRDIR
Region

MƏNTƏQƏLƏR SEÇKİ GÜNÜNƏ HAZIRDIR

TƏRTƏR

2024-cü il 7 fevral tarixində keçiriləcək prezident seçkiləri Azərbaycanın yeni eraya qədəm qoymağını təmin edəcəkdir. Seçicilər düzgün seçim edərək layiqli namizədə səs verməklə Azərbaycanın xoşbəxt gələcəyinə, əhalinin maddi rifah halının yaxşılaşmasına, firavan yaşayışa, güclü dövlət quruluşuna, Cənubi Qafqazda sülhə, iqtisadi əlaqələrin möhkəmlənməsinə səs vermiş olacaqlar.

Hazırda respublikanın hər yerində, o cümlədən Tərtər rayonunda bu tarixi günə ciddi hazırlıq davam etdirilir. Rayonun hər yerində insanların seçki gününü səbirsizliklə gözlədikləri hiss olunur. Sakinlərlə söhbət edərkən bir daha deyilənlərin şahidi olduq.

Tərtər şəhər 1 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirən Əməkdar müəllim Fazilə Kərimova bildirdi ki, bu seçki digərlərindən tam fərqlidir. Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra torpaqlarımızın bir hissəsini ermənilər öz havadarlarının köməkliyi ilə işğal edə bildilər. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozuldu.

İşğal olunan ərazilər 30 il ərzində ölkəmizdə keçirilən seçkilərdən məhrum oldu. Torpaqlarımızdan ermənilər istədikləri kimi istifadə edərək tamamilə viran qoydular.

Bu gün fəxrlə deyə bilərik ki, 7 fevral tarixində keçiriləcək şəffaf, demokratik seçkilər suverenliyi və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızda keçiriləcəkdir. 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin sədri Həmid Mehdiyev bildirdi ki, dairə üzrə 59 seçki məntəqəsi fəaliyyət göstərir.

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə 26 seçki məntəqəsi yaradılmışdır ki, bundan 2-si 97 saylı dairənin tərkibində, 59 saylı Ağdərə seçki məntəqəsi və 58 saylı Suqovuşan seçki məntəqəsi fəaliyyət göstərir.

Ağdərə seçki məntəqəsində 150, Suqovuşanda isə 173 nəfər seçici istədikləri layiqli namizədə səs verəcəklər. 97 saylı dairədə 52553 nəfər səsvermə hüququna malikdir. Seçki günü 1402 nəfər ilk dəfə məntəqələrə gələrək şəffaf və demokratik seçkilərdə iştirak edəcəkdir. Səsvermə günü 3 nəfərin 18 yaşı tamam olacaqdır. Gənclərin hər üçü Tərtər sakinidir.

Dairə üzrə 7 nəfər 100 yaşdan yuxarı seçici qeydə alınmışdır. Ən yaşlı sakinlərdən 1915-ci il təvəllüdlü Həsənova Saran Daşdəmir qızı Seyidimli kəndində yaşayır. 114 yaşlı Quliyeva Səkinə Yunis qızı isə Hacıqərvənd kənd sakinidir.

Müsahibim bildirdi ki, ehtiyac olduğu halda yaşlı və xəstə insanların seçkilərdə iştirakını təmin etmək üçün yaşadıqları ünvanlara daşınan seçki qutusu aparılacaqdır. Məntəqələr MSK tərəfindən lazımi avadanlıqlar, eləcə də təlimatlar, seçki Məcəlləsi və s. ilə təmin olunmuşdur.

Seçkiyə hazırlıq işləri seçki məcəlləsinin tələblərinə uyğun aparılmaqla məntəqələr səsvermə gününə hazır vəziyyətə gətirilir. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Rayon rəhbərliyi ehtiyac duyulan məntəqələrin təmir olunmasını həyata keçirmişdir.

Səsvermənin gedişini izləmək üçün 11 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçki məntəqələrində iştirak edəcək müşahidəçilərin qeydə alınması davam etdirilir. Hazıradək 479 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir. Dairədə maarifləndirici treninqlər davam etdirilir. Qeyd etdiyimiz kimi, bu seçki digər seçkilərdən fərqlənir.

İşğaldan azad olunmuş Talış kənd sakini Camalova Türkan Əli qızı 58 saylı Suqovuşan seçki məntəqəsində səs verəcəyini bildirdi. Qeyd etdi ki, 2020-ci ildə Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik olan Suqovuşan Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu. Elə həmin andan qəsəbədə quruculuq-abadlıq işlərinə başlanıldı.

Aparılan irimiqyaslı layihələr nəticəsində abadlıq işləri qəsəbənin simasını tam dəyişmiş, hər cür şərait yaradılmış, gözəl bir məkana çevrilmişdir. Heç şübhəsiz, 7 fevral tarixində keçiriləcək prezident seçkilərindən sonra bölgə daha sürətlə inkişaf edəcəkdir. Müsahibim bildirdi ki, uzun illərdir hər birimiz bu sevincli günün həsrəti ilə yaşamışıq. Arzularımızın reallaşdığı bir məkanda səs verməkdən özüm və həmyerlilərim qürur duyuruq.

Vəli VƏLİYEV,

"Respublika".