Tarixi həqiqətlərdən gələcəyə doğru
Tarix

Tarixi həqiqətlərdən gələcəyə doğru

18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalamışdır

Tarixi torpaqlarımız olan indiki Ermənistan adlandırılan ərazidən azərbaycanlıların 1948-1953-cü illərdə zorla deportasiyasının 50 illiyi ərəfəsində - 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanı imzalamasından 25 il keçir. Bu fərman həm fakt olaraq, həm də məzmun və mahiyyət etibarilə qarşıya qoyduğu vəzifələr baxımından tarixi əhəmiyyətini daim saxlayacaqdır. Hər şeydən əvvəl ona görə ki, fərmanda son iki əsrdə Qafqaz regionunda məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qaldığı əks etdirilib.

Bu siyasət çar Rusiyası tərəfindən ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsindən sonra başlayıb. Çarizmin himayəsi altında ermənilər bu ərazilərdə özlərinə əlverişli şərait yaratdıqdan, terror-siyasi təşkilatlarını qurduqdan sonra azərbaycanlılara qarşı zorakılıq hadisələri həyata keçirmiş, onları öz tarixi torpaqlarından sıxışdırıb çıxarmışlar. Bu işdə başlıca məqsəd tarixdə olmayan uydurma "böyük Ermənistan" yaratmaq üçün zəmin hazırlamaq olmuşdur.

İlk toqquşmalar XIX əsrin sonlarında İrəvan xanlığı ərazisində olub. Cənubi Qafqazda törədilən 1905-1906-cı il qırğınları nəticəsində azərbaycanlılar ev-eşiklərindən didərgin düşüblər. Bu qırğınlar Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda - indiki Azərbaycan ərazisinin müxtəlif yerlərində, Borçalı qəzasında, İrəvan quberniyasında da həyata keçirilib. 1918-1920-ci illərdə daşnak Ermənistanında soyqırımı və deportasiya dövlət siyasətinə çevrilib. İnsanlığa sığmayan bu siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından - Ermənistan adlandırılan ərazidən didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıblar. Azərbaycanlılara məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib, adları dəyişdirilərək erməniləşdirilib, Ermənistanın türksüzləşdirilməsi və erməniləşdirilməsi yolunda addımlar atılıb.

Azərbaycanlıların Ermənistandan deportasiyası, növbəti cinayət aktı SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları ilə həyata keçirilib. 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla deportasiya edilib. Onların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirilib, ərazinin erməniləşdirilməsi siyasəti həyata keçirilib. Yaşayış yerlərinin adları dəyişdirilərək erməniləşdirilib. Deportasiya edilən Azərbaycan vətəndaşlarının bır qismı ağır həyat şəraiti ucbatından həyatlarını itirib. 1988-ci ildə isə azərbaycanlıların sonuncu deportasiyası həyata keçirilib. Qədim Azərbaycan torpağı olan İrəvan tamamilə erməniləşdirilib, buradan türk, azərbaycanlı izləri silinib.

1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanan "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanda o vaxtadək bu məsələlərin araşdırılmadığı vurğulanıb və görüləcək işlər, vəzifələr, məqsədlər müəyyənləşdirilib. Eyni zamanda, azərbaycanlıların deportasiyası faktının araşdırılması, ictimaiyyətə çatdırılması üçün Heydər Əliyevin sədrliyi ilə dövlət komissiyası da yaradılıb.

Tarixi əhəmiyyət daşıyan fərmandan sonra Azərbaycanda bu sahədə dərin tədqiqat işləri aparılmış, tarixi əhəmiyyət kəsb edən əsərlər yazılmış, müxtəlif dillərə tərcümə edilmişdir.

Musa QASIMLI,

Milli Məslisin deputatı,

AMEA-nın müxbir üzvü, professor.