Türkmənçay müqaviləsi: Tarixi torpaqlarımızın ikiyə bölünməsi
Tarix

Türkmənçay müqaviləsi: Tarixi torpaqlarımızın ikiyə bölünməsi

1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Azərbaycan torpaqları xanlıqlara parçalandı. Yaranan xanlıqlar özlərinə siyasi dayaq kimi çar Rusiyası, Qacarlar dövləti və Osmanlı imperiyasını seçmişdilər.

Mərkəzi hakimiyyətin olmamasından və feodal pərakəndəliyindən maksimum yararlanan rus və fars imperiyaları əzəli torpaqlarımızı bölüşdürmək üçün geniş fəaliyyətə başladılar. Qafqaza ayaq açdılar. Hələ XVIII əsrin ortalarından etibarən Rusiya regionun xırda feodal dövlətləri ilə danışıqlar aparırdı.

Xanların siyasi manevrləri nəticəsində uzun müddət çar Rusiyası heç bir xanlığı ələ keçirə bilmədi. Lakin XIX əsrin əvvəllərindən Azərbaycanın başı üzərini qara buludlar aldı. Belə ki, 1801-ci ildə ilk olaraq Qazax sultanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi. Bundan sonra iştahı daha da artan imperator Azərbaycanın cənub zonasına yol açmaq, Gürcüstan sərhədlərini qorumaq, Xəzər sahillərinə çıxaraq Həştərxanla əlaqə yaratmaq niyyətinin gerçəkləşdirilməsi üçün rus qoşunlarının Azərbaycanın içərilərinə doğru göndərilməsi barədə göstəriş verdi. Güclü müqavimət göstərməsinə baxmayaraq, 1804-cü ildə Gəncə xanlığı öz müstəqilliyini itirdi. Gəncə döyüşlərində Cavad xan və oğlu ruslar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Çar Rusiyası bununla da kifayətlənmədi. Şəhərə daxil olan rus qoşunları qırğınlar törədib, şəhərin tarixi adını Yelizavetpol ilə dəyişdilər. Daha sonra Xəzəri imperiyanın daxili dənizinə çevirmək üçün işğalın miqyası daha da genişləndi.

Rusiya imperiyasının Qafqazdakı işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat etdiyindən Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlərdə Qacarlar böyük məğlubiyyətə uğradılar. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi. Nəticədə 1813-cü il oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsində yerləşən Gülüstan kəndində çar Rusiyası ilə Qacarlar İranı arasında müqavilə imzalandı. Beləliklə, Azərbaycanın iki hissəyə bölünməsinin birinci hissəsi başa çatmış oldu. Bu həm də Rusiya-İran müharibəsinin bitməsi hesab olunurdu.

Lakin 1826-cı il iyulun 19-da ikinci Rusiya-İran müharibəsi başladı. İran qoşunları əvvəlcə Qarabağ və Gəncəyə hücum etdilər. Gəncə və Şəki ərazilərində Rusiya əleyhinə üsyanlar başladı. Qarabağı ələ keçirən İran qoşunlarının Şuşa qalasını uzunmüddət mühasirədə saxlaması rusların Tiflisə çəkilərək yenidən qüvvə toplayıb əks-hücuma keçmələrinə şərait yaratmışdı. 1826-cı ilin sentyabr ayında Şəmkir və Gəncə döyüşlərində İran qoşunları məğlub oldular. İkinci Rusiya-İran müharibəsinin həlledici döyüşü sayılan Gəncə döyüşü müharibənin taleyini həll etdi. 1827-ci ilin oktyabrında Naxçıvan və İrəvan xanlıqlarını da zəbt edən rus qoşunları cənuba doğru hərəkət etməyə başladılar. Az müddət sonra Təbriz və Mərəndi itirən Qacarlar dövləti sülh danışıqları üçün general Paskeviçə müraciət ünvanladı. Bununla da iki imperiya arasında davam edən müharibə 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. Sülh danışıqları 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığındakı Türkmənçay kəndində şahzadə Abbas Mirzə ilə general Paskeviç arasında 16 maddəlik müqavilənin imzalanması ilə nəticələndi. Bu müqavilə 1813-cü ildə imzalanmış Gülüstan kontraktını təsdiq edir, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən ilhaqını qüvvədə saxlayırdı. Müqavilə Azərbaycanın heç bir marağı nəzərə alınmadan tarixi torpaqlarımızın rəsmi olaraq ikiyə bölünməsinin təsdiqi idi. Elə bundan sonra ilk dəfə olaraq Şimali və Cənubi Azərbaycan terminləri ortaya çıxdı.

Türkmənçay müqaviləsinin şərtlərinə görə, İran Rusiyaya 20 milyon gümüş rubl həcmində təzminat ödəməli, Araz çayından şimaldakı bütün ərazilərdən imtina etməli, Qafqaza olan iddialarından tamamilə əl çəkməli idi. Ən əsası isə Xəzər dənizində hərbi donanma saxlamaq yalnız Rusiyanın ixtiyarına verilirdi. Müqavilənin Azərbaycan üçün fəsadları təkcə bununla da bitmirdi. Sənədin 15-ci maddəsində, Rusiya tərəfindən işğal edilən ərazilərə köç haqqı nəzərdə tutulduğundan on minlərlə erməni İrəvan, Qarabağ, Naxçıvan və digər ərazilərdə məskunlaşdırıldı. Bunda da əsas məqsəd regionda müsəlman əhalisini xristianların üstələməsi idi. Bu, gələcəkdə qurulacaq Ermənistan dövlətinin ilkin təməlləri hesab olunurdu.

Beləliklə, bir daha tarixi hadisələrə nəzər saldıqda bir ölkədə siyasi liderin olmamasının hansı anlama gəldiyi daha yaxşı başa düşülür. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra XIX əsrdə baş verən hadisələrin oxşarı ilə üz-üzə qalmışdı. Bu dəfə respublikamızı parçalamaq üçün ermənilər və separatçılar böyük "əmək" sərf etmişdilər. Hətta deyə bilərik ki, 30 il ərzində buna nail də olmuşdular. Lakin 2020 və 2023-cü ildə Ordumuzun qazandığı uğurlar ərazilərimizi yenidən bir bayraq altında birləşdirdi.

Musa BAĞIRLI,

"Respublika".