Yaddan çıxmır, unudulmur
Tarix

Yaddan çıxmır, unudulmur

Azərbaycan... Zamanın ağır sınaqlarına tuş gələn, min bir əzab-əziyyətlərə qatlaşan, dözülməz fəlakətlər yaşayan, qəddar hökmdarların, qaniçən qəsbkarların, daha kimlərin qanı su yerinə axıtdıqları, misli görünməmiş vəhşiliklər törətdikləri doğma məmləkətimiz. Tarixin səhifələrini vərəqlədikcə qürur gətirən, şanlı hadisələrlə yanaşı, heç vaxt unudulmayacaq ağrı-acılarla dolu anların məqamları da onun taleyinə yazılıb. Bu qədim torpaqlarda əsrlərdən bəri yaşayan xalqımızın tarixində qanlı faciələrlə dolu hadisələr çox olub.

İşğalçı qoşunlar, qəddar hökmdarlar, sərkərdələr, böyük ordu dəstələri Azərbaycana hücum ediblər, torpaqlarımızı istila etmiş, şəhər və kəndlərimizdə qəddarlıqla vəhşiliklər törətmiş, saysız-hesabsız insanları qətlə yetirmişlər. Ermənilərin qəddarlıqla, insanlığa yaraşmayan üsullarla törətdikləri terror hadisələri bəşəriyyətə bir ləkədir. Bu baxımdan, 1905, 1915-ci illər kimi, 1918-ci ilin martı da türk dünyasının tarixinə qanla yazılıb.

Erməni vandalizminin coğrafi dairəsi də geniş idi: İran, xüsusən Cənubi Azərbaycan, Şimali Azərbaycan, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Gürcüstan, Şimali Qafqaz.

Urmiya ziyalılarından biri, soydaşımız Əli Dehqani "Urmiya-Zərdüşt peyğəmbərin vətənidir" kitabında 1918-ci ilin martında Urmiyada baş vermiş hadisələrdən söz açaraq yazır: "ABŞ konsulu Şedin və Rusiya konsulu Nikitinin gözləri qarşısında Fransadan, İngiltərədən və digər məmləkətlərdən gəlmiş erməni vandalları bir gün ərzində 10 min adamı doğrayıb məhv etdilər. Xarici diplomatlar və missionerlər erməni faşizminin bu qeyri-insani hərəkətlərindən dəhşətə gəlmişdilər. Martın 18-də səhər tezdən erməni quldur dəstələri şəhərin azərbaycanlılar yaşayan hissələrinə hücuma keçdilər. Onlar dinc sakinləri zülmlə, əziyyətlə öldürürdülər. Küçələr meyitlərlə dolmuşdu...".

Tarixi mənbələrdə qeyd olunub ki, martın 20-də isə Bakıda qırğınlar başlamışdı. Başkəsən cəllad Tatevos Amirovun rəhbərliyi ilə "İsmailiyyə" xeyriyyə cəmiyyətinin , şəhər dumasının qadın gimnaziyasının binaları yandırılmışdı. Küçələrdə qan su yerinə axırdı. Qəddar ermənilər qocaya, qadına baxmadan qarşılaşdıqları hər kəsi öldürür, onların əksəriyyətini ya su quyularına, ya da dənizə atırdılar.

Qanlı hadisələr martın 21-də də eyni ssenari üzrə davam edib. Bu dəfə daha bir başkəsən Anastas Mikoyan da qırğın törədən terrorçu dəstəyə qoşulub. Məhz onun əmri ilə quldurlar dolu çəlləklərdən kerosin götürüb gətirib evlərə səpir, od vurub yandırır, heç kəsə çıxmağa aman vermirdilər.

Yaxşı silahlanmış, təlim görmüş erməni əsgərləri pulemyot atəşi ilə şəhərin ən çox azərbaycanlılar yaşayan ərazilərində evlərə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər.

Bakıdakı Nikolay (indiki İstiqlal) küçəsi ilə hücuma keçən quldurlara əsasən erməni ziyalıları rəhbərlik edirdi. Belə dəstələrdən biri azərbaycanlılar yaşayan evə girib 8 qadın və uşağı güllələmiş, başqa bir dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı azərbaycanlını küçəyə çıxararaq kilsə meydanında qətlə yetirmişdi.

Martın 31-də təxminən 15 min günahsız insan öldürüldü. Həmin günün cəlladları Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Amazasp, Əmiryan və başqa quldurlar idi. Dəhşətli mart günlərini fotoyaddaşa köçürənlər də olub. Onlardan biri M.Kulqe adlı bir əcnəbi hadisələri belə şərh edirdi: "Yalnız müsəlman əhali tərəfindən məskunlaşmış məhəllələri qırıb, əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evlərə atəş vurur, cocuqları bu atəşlərə ataraq diri-diri yaxırdılar".

1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından ən çox əziyyət çəkən bölgələrdən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olub. Belə ki, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetiriblər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub.

1933-cü il aprelin 1-də Almaniyanın Münxen şəhərində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "İstiqlal" qəzetinin 31-ci nömrəsində həmin hadisənin 15 illiyi münasibətilə çap olunmuş məqalədə oxuyuruq: "1918-ci il 22 martda Bakının "İsmailiyyə" binasının möhtəşəm salonunu musiqi, tans, qəhqəhə, sevinc və gülüş titrədirdi. Novruz bayramı qarşılanmaqda idi. Bir həftə sonra 31 martda isə bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları, kitabxana, qiraətxana, yetimlər yurdunun yerləşmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək "İsmailiyyə" deyildi. Türklərə məxsus bütün mətbəələr, xəstəxanalar, mətbuat idarəxanaları, milli teatro binaları, məktəblər, camilər, milli-mədəni müəssisələr yerlə-yeksan edilmişdi. Bir həftə içərisində Bakı bütün simasını dəyişmişdi...".

Mart faciəsi tariximizin ən acı, ağrılı səhifəsidir. O, unudulmur, yaddan çıxmır. Ulu öndər Heydər Əliyevin dediyi kimi biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, tədbirlərin, təcavüzlərin qarşısı alına bilsin.

Zümrüd QURBANQIZI,

"Respublika".