Tarix yazan İGİDLƏR
Region

Tarix yazan İGİDLƏR

Vətən, torpaq, yurd sevdalı oğullar Vətən müharibəsində qan tökərək, şirin canlarına qıyaraq uzun illər ərzində erməni işğalı altında inildəyən torpaqları azad etdilər. Bu müqəddəs amal uğrunda şəhid oldular, heç kirpiklərini belə qatlamadılar, zamanın və tarixin fövqünə ucaldılar və ən ali məqama yüksəldilər. Bu torpaqların hər qarışına şəhid qanı tökülüb, onların cəsarəti və hünəri yurd yerlərimizə yeni bir həyat gətirib. Əsgər və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazdı. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı, hər saniyəsi, hər dəqiqəsi qəhrəmanların qazandıqları Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub.

Ağdamlı gənclər Birinci Qarabağ müharibəsində atalarının, qardaşlarının döyüş ənənələrini Vətən müharibəsində şərəflə nümayiş etdirdilər. Onlardan biri də Xalid Mahmud oğlu Hassandır. Xalid 1995-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonunun Saybalı kəndindəndir. Xalid lap körpə olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstana köçüb. Bir müddətdən sonra ailə yenidən Azərbaycana qayıdıb. Xalid Ağdam rayon köçkün 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Yaşıdları kimi vətənpərvər ruhda böyüyüb. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Xalid ilk günlərdən nümunəvi əsgər olub, hərbi təlimlərdə bacarıqla iştirak edib. Hərbi xidmətini başa vurub doğmalarının yanına qayıdıb. Bir müddət keçəndən sonra Ağdam rayon səfərbərlik və hərbi xidmət şöbəsinə müraciət edib. Xalidin arzusu nəzərə alınaraq müddətdən artıq hərbi xidmətə göndərilib.

Milli ordunun müddətdən artıq hərbi qulluqçusu Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində ilk döyüşə atılanlardan olub. Xalid Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qoçaqlıq göstərib, düşmənin canlı qüvvəsinə zərbələr vurub, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Xalid 2020-ci il noyabrın 4-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Xalid Hassan ailəli idi və Məryəm adında bir qızı yadigar qalıb. Şəhid ailəsi dövlət tərəfindən himayə olunur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu Xalid Hassan ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidlərin adı və qəhrəmanlığı əbədi yaşayacaq, tariximizin ən şərəfli səhifəsini qanları ilə yazan oğulların parlaq xatirəsi heç zaman unudulmayacaq.

 Salman ALIOĞLU,

 "Respublika".