Qayğı mənəvi borcumuzdur
Region

Qayğı mənəvi borcumuzdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Birinci Qarabağ müharibəsinin şəhidi Heybətov İlqar Heybətağa oğlunun ailəsini ziyarət ediblər. Siyəzən rayonunda yaşayan ailə ilə görüşdə qəhrəman şəhidimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. İlqar Heybətovun həyat yolundan, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə onun göstərdiyi şücaətlərdən bəhs olunub.

1974-cü ilin 11 fevralında Siyəzən rayonunda anadan olan İlqar Heybətov 1991-ci ildə Siyəzən rayonu, Böyük Həmyə kənd orta məktəbini bitirib. 1993-cü ilin avqust ayında hərbi xidmətə yola salınıb. Vətənimizin erməni işğalçılarından müdafiəsi uğrunda haqq savaşımızda iştirak edən İlqar Heybətov özünün qorxmazlığı, cəsurluğu ilə tanınıb. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə-Ağdam ərazisində gedən döyüşlərdə də İlqar Heybətov öz mərdliyi ilə seçilib. Lakin bu döyüşlərdən birində, 1994-cü ilin 16-27 aprel tarixlərində itkin düşüb. O, igid, məğrur, qəhrəman bir döyüşçü kimi xatirələrdə yaşayır.

 Digər şəhid ailələri kimi, şəhid İlqar Heybətovun ailəsinin də sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. 2020-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülən ailənin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də növbəlilik qaydasında baxılması nəzərdə tutulub.

Mustafa KAMAL,

"Respublika".