Dağlar diyarı Lerik rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında bu səpkidə təşkil olunan tədbirlər uzun müddət yaddaşlarda qalır. Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbin akt zalında baş tutan intellektual oyun məktəbli gənclərin elmə olan marağını bir daha üzə çıxarıb.
24 sualdan ibarət intellektual yarışda rayon ümumtəhsil məktəblərinin 11 komandası mübarizə aparıb. Gərgin, eləcə maraqlı keçən yarışın qalibi Çayrud kənd tam orta məktəbinin "Müzəffər generallar" komandası olub. Lüləkəran kənd tam orta məktəbinin "Dəmir yumruq" komandası ikinci yerə layiq görülüb. 3-cü yeri isə Lerik şəhər texniki təmayüllü fənlər liseyinin "Odlar Yurdu" komandası qazanıb. Qaliblərə tutduğu yerlərə görə müvafiq dərəcəli diplomlar təqdim olunub.
Böyük marağa səbəb olmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu Lerik Rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.