Şəhid  Anar Tağıyevin  doğum   günü qeyd olunub
Region

Şəhid  Anar Tağıyevin  doğum   günü qeyd olunub

Vətənimizin  ərazi  bütövlüyü   uğrunda  canından  keçmiş  şəhid  ailələrinə  dövlət  tərəfindən  hər  zaman   böyük  diqqət  və  qayğı  göstərilir.  Ölkə  rəhbərinin  siyasətinin  əsasını  təşkil  edən  vətəndaş  amili  Beyləqan   rayonunda  da  daim  diqqət  mərkəzində  saxlanılır.

Beyləqan  Rayon   İcra   Hakimiyyətinin  başçısı   Asif   Ağayev   və  aparatın  nümayəndələri  şəhid  ailələrini  müntəzəm  ziyarət  edir,    problemləri  ilə  yaxından  maraqlanır. Bu günlərdə  torpaqlarımızın  bütövlüyü  uğrunda  canından  keçərək  tarixə  şərəfli  imzasını  atan  şəhidlərimizdən  biri olan Anar  Tağıyevin  doğum  günü   qeyd  olundu.  O, 14 oktyabr  1996-cı ildə  Beyləqan  rayonunun  Kəbirli kəndində  anadan  olmuşdur. Hərbçi olmağı,  vətənə,  xalqa  xidmət  etməyi  özünə  şərəf  bilən  Anar Azərbaycan  Silahlı  Qüvvələrinin  müddətdən  artıq  həqiqi  hərbi  xidmət  qulluqçusu  idi.
O, 2020-ci il  sentyabrın  27-də  başlayan,  işğal  altında  olan  ərazilərin  azad  edilməsi  uğrunda Vətən  müharibəsində  savaşmış  və  Azərbaycanın  ərazi   bütövlüyünün  bərpa  olunması  üçün  Füzulinin azadlığı  uğrunda  gedən  döyüşlərdə  əsl  qəhrəmanlıq  nümunəsinə  çevrilmişdi.
Anar  Tağıyev   döyüşlərdə  yaralanmasına  baxmayaraq, döyüş bölgəsinə  geri  dönərək  vətənə  olan  borcunu  yerinə yetirmiş və   mübarizəsini  sonadək  davam  etmişdir. Bu  da  Azərbaycan  əsgərinin  vətən  sevgisinin  nə  dərəcədə güclü  olduğunun,  onun  mərd  və  dönməzliyinin  növbəti  sübutu  idi.
Ən  ağır  döyüşlərdə  ön  sıralarda  savaşan  qəhrəmanımızın  son  döyüş  günü  1 oktyabr  oldu. Anar  Füzuli  döyüşləri  zamanı  şəhid  oldu  və    əbədiyyətə  qovuşdu.
Şəhidimizin   doğum  günü  münasibətilə  Beyləqan  Rayon  İcra Hakimiyyəti  başçısı  Asif   Ağayev,   aparatın  məsul  nümayəndələri, hüquq-mühafizə  orqanlarının  rəhbərləri,  rayon,  idarə  və  müəssisə rəhbərləri,  ictimaiyyət  nümayəndələri  Anarın və  digər şəhidlərin  məzarını  ziyarət  edib,  önünə  gül dəstələri  düzdülər.
Rayon  icra  hakimiyyəti  başçısı  Asif  Ağayev  şəhidin   ailə üzvləri ilə  söhbət  edib,   problemləri  ilə maraqlanıb,  müvafiq  tapşırıqlarını  verdi.
Daha  sonra  şəhidin  xatirəsinə  həsr  olunmuş  məclisdə  onun  xatirələrindən,  şərəfli  döyüş  yolundan, vətənə,  dövlətə,  xalqa  sevgisindən  söz  açıldı.

                   Ərəstun  ABDULOV,

            “Respublika”.