“Görüm səni var ol, yaylaq
Region

“Görüm səni var ol, yaylaq"

İndi yaylaq dövrüdür. Qoyun sürüləri, mal-qara uzun məsafə qət edib yaylağa köçür, arıçılar öz binələrini nadir ətri-rahiyəsi olan gül-çiçək dolu yamaclarda qururlar. 44 günlük Zəfər Qələbəmizdən sonra yaylaqlarımızın coğrafiyası xeyli genişlənib. Bir-iki il bundan əvvəl təsərrüfat sahibləri Şamaxı, Quba, Qusar, Yardımlı, Lerik, Şəki, İsmayıllı yaylaqlarına köç edirdilər. İndi cənnət misallı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan yaylaqları da onların ixtiyarındadır. Böyük ustad Aşıq Ələsgər "Görüm səni var ol, yaylaq" deyəndə heç şübhəsiz ki, yaylaq gözəlliyinin qarşısında vəcdə gəlmişdir.

Yaylaq-qışlaq anlayışları barədə əldə etdiyimiz bilgiləri xatırlatmaq yerinə düşər. Yaylaq-qışlaq anlayışları ayrı-ayrılıqda deyil, Azərbaycan xalqının min illər boyu formalaşmış köçmə təsərrüfat formasını təşkil edən sosial-iqtisadi vahidin, bütövün tərkib hissələri kimi mövcud olmuşdur. Yaylaq anlayışının ortaya çıxması yaylaq-qışlaq və ya köçmə təsərrüfat formasının yarandığı dövrlə eynidir. Qədim dövrlərdə Azərbaycan ərazisində köçmə təsərrüfat forması daha geniş coğrafiyanı əhatə etmişdir. Sənətkarlığın və ticarətin genişlənməsi, çoxsaylı peşələrin ortaya çıxması, iri yaşayış məskənləri, şəhərlərin yaranması və bir sıra tarixi-siyasi proseslərin gedişində köçmə təsərrüfatın coğrafiyası daralmış, bir növ ixtisaslaşma baş vermiş, bu təsərrüfat forması ilə məşğul olan ayrıca əhali qrupu formalaşmışdır.

Qədimdən bəri yaylaq yaşayış məskənlərinin təşkilində maldar əhali ilə yanaşı, oturaq əhali də iştirak etmişdir. Hətta oturaq əhalinin köçmə təsərrüfatda iştirak etməsinin qədim elementləri XX əsrin ortalarınadək qorunub saxlanmışdır. Məsələn, oturaq əhali (əkinçilər, müxtəlif peşə və sənət sahibləri) özlərinə məxsus xırdabuynuzlu və iribuynuzlu mal-qaranı qarşılıqlı yardım forması sayılan "əmanət" yolu ilə maldar əhaliyə etibar etmiş, bu yolla mal-qaranın 3-4 ay yaylaqda bəslənməsini, bir çox hallarda isə ailə üzvlərinin yaylağa getməsini təmin etmişlər. Nisbətən böyük sürüsü, eyni zamanda əkin sahəsi olanlar yaylaq dövründə arana gəlir, taxıl biçini, məhsul yığımı ilə məşğul olurdular. Bir çox hallarda yaylaq dövründə əkin sahələrinin qorunması, məhsulun yığılması üçün qarşılıqlı yardım formalarından istifadə olunmaqla yanaşı, muzdlu işçilər də tutulmuşdur.

Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biri də yaylaqdır. İlin 8-9 ayını qışlaqlarda keçirən maldar elatları yay fəslində yaylaqlara (may ayının ortalarından sentyabrın ortalarınadək) qalxırdılar. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşirdi. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında su mənbələrinə yaxınlıq və otlaq qayğıları, qohumluq münasibətləri üstün yer tuturdu. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri - yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə adlanırdı.

Hər il yaylaq köçünün başlanması el-obada bayram şənliyini xatırladırdı. Hamı səliqəli, təmiz geyinirdi. Hətta yüklənmiş kəli, öküz arabalarını, dəvə və atları bəzəyirdilər. Atların döşünə gümüş sinəbənd vurur, yəhərin altına rəngbərəng naxışlı örtük salır, dəvələrin başına, boynuna kiçik zınqırovlar, rəngbərəng qotazlar asırdılar. Ayrı-ayrı obalar əvvəlcədən razılaşmaya əsasən növbə ilə hərəkətə başlayırdılar. Coğrafi şəraitə uyğun olaraq köç əvvəlcə dağların ətəyində qısamüddətli düşərgə salır, sürü orada otarılırdı. Sonra köç bir qədər yuxarı - dağın döşünə qalxır, orada da bir müddət düşərgə salırdılar, sürü tədricən yaylaq iqliminə öyrəşirdi. Nəhayət, istilər tam düşdükdən sonra yaylaq yerinə qalxır, mənzilə çatırdılar. Yaylaq təkcə müvəqqəti yaşayış məskəni deyildi, eyni zamanda əhalinin maddi və mənəvi mədəniyyətində xüsusi yer tuturdu. Məsələn, yaylaqda "qorabasdırma", "külləmə" və s. bişirilir, ağartı məhsulları (məsələn, motal pendiri) hazırlanırdı. Yaylaqlarda müvəqqəti yaşayış evləri inşa olunurdu. Dairəvi və uzunsov planda qurulan müvəqqəti evlərin əsas tikinti materialı çubuq, qarğı, qamış, keçə (qəlib), ip, ağac və s. idi. Dəyənin üstünə keçə örtülər, dəyə söküləndə çubuq və dirəklər növbəti ilə hazırlıq məqsədilə müvəqqəti yaşayış evinin döşəməsinə basdırılardı.

Bütün bu deyilənlər felin keçmiş zamanını əks etdirir. Bu gün Kəlbəcərə qoyun sürüsü, Laçına arı yeşikləri daşıyan fermerlər yaylaq reallığının sevincini yaşamaqdadırlar. Yeri gəlmişkən deyək ki, dünyada "yaylaq turizmi"də mövcuddur. Zəfər Qələbəmizdən əvvəl mütəxəssislər "yaylaq turizmi"üçün 6 ünvan müəyyən etmişdilər. Bunlar Qubada "Şah yaylaq", Qusarda "Şahnabat yaylağı", Şəkidə "Xan yaylağı", İsmayıllıda "İvanovka yaylağı", Daşkəsəndə "Xoşbulaq yaylağı" və "Toğana"yaylağı idi. Şübhə yoxdur ki, bu cədvəl tezliklə yenilənəcək. Coğrafiya indi daha əlverişli və genişdir.

Hələlik Azərbaycan biznesmenlərini bir elə cəlb etməsə də, dünyada ən gəlirli sahələrdən olan yaylaq turizmi xeyli cəlbedicidir. Bu tip yaylaqlarda otellər, restoranlar salınır. İnsanlar təbiətin qoynunda dincəlib real gözəlliklə qol-boyun olmağa, dağ havası udub ciyər dolusu nəfəs almağa daha çox meyillidirlər. Ustad Ələsgər demişkən:

"Gözəllər seyrangahısan,

Görüm səni var ol, yaylaq".

Tofiq HÜSEYN,

"Respublika".