Qarabağ erməniləri seçim qarşısında
Region

Qarabağ erməniləri seçim qarşısında

Qarabağ Azərbaycanın ən qədim bölgəsidir və burada əsrlərdir ki, azərbaycanlılar yaşayır, bu cənnət diyar əcdadlarımızın bizə əmanətidir, bütün tarixi mənbələr, qədim abidələr bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya nümayiş etdirir. Ermənistanın işğalı illərində haylar Qarabağı erməniləşdirmək üçün otuz il cəhd etdilər, lakin tarixin və torpağın həqiqətlərini ört-basdır etməyə gücləri çatmadı. Haylar təxminən iki əsr bundan əvvəl Qarabağa köçürülüblər, daha doğrusu, çar Rusiyasında qanunları saya salmayan, dikbaşlıq edən, hiyləgər, oğru erməniləri bu torpaqlara köçürülmə adı altında sürgün ediblər. Hər pis əməlin, iyrəncliyin, saxtakarlığın, xəyanətin altından çıxan haylar ötən əsrin 70-ci illərində Ağdərə rayonunun Şıxarx qəsəbəsində Qarabağa köçürülmələrinin 150 illiyinə həsr edilən abidə ucaltdılar. Bu, tarixdir və işğal illərində ermənilər onu uçurtsalar da abidənin qalıqları hələ də qalır, həqiqətlərdən xəbər verir. Elmi qaynaqlarda, tarixin səhifələrində, kitablarda, digər mənbələrdə aydın şəkildə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bildirilsə də, kor tutduğunu buraxmadığı kimi, ermənilər də Qarabağın onlara məxsus olduğu haqqında haray-həşir salır, şovinist haylar məskunlaşdıqları torpaqlara qarşı xəyanət edirlər.

Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan bölgədə gərginlik yaratmağa çalışır, sərhədlərimiz, mövqelərimiz atəşə tutulur, Xankəndidə və ətraf ərazilərdə qalan, Rusiya sülhməramlılarının arxasında gizlənən Ermənistan ordusunun qalıqları təxribat törədir, Qarabağda gərginlik yaratmaq istəyirlər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən qarşı tərəfə xəbərdarlıq edilir, atəş açılan erməni mövqeləri ordumuzun qəhrəman əsgərləri tərəfindən susdurulur. Əslində, terrorçu hayları qızışdıranlar məlumdur. Təxribata, böhtana, saxtakarlığa, qarayaxmaya, riyakarlığa adətkar olan Ermənistan iqtidarı və revanşist qüvvələr köhnə vərdişlərini işə salır, saxta göz yaşları tökür, dünyada məzlum xalq obrazı yaratmağa cəhd edir, həqiqəti ört-basdır etməyə çalışırlar. Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, "Qarabağ Azərbaycandır" deyir, erməni silahlı qüvvələri isə şərti sərhəddə atəşkəsi pozur, Qarabağdakı mövqelərimiz demək olar ki, hər gün atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Elə həmin günlərdə Avstriyada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə bir sıra əsassız iddialar səsləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Bu təxribatçı mövqe barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin "hüquq və təhlükəsizliyini" bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir. "Qarabağ əhalisi" dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin "hüquq və təhlükəsizliyinin" gözardı edilməsi qəbuledilməzdir. Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və ölkəmizin bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə "gərgin humanitar vəziyyət" iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının təsdiqidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən hələ də tam olaraq silahlı qüvvələrini çıxarmayan Ermənistan tərəfinin dövlət sərhədində aydınlıq əldə edilməsi şərtini irəli sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır.

Xankəndidə isə xunta rejiminin başçısı Araik Arutyunyan çadır quraraq oturaq aksiya keçirir, ərzaq çatışmazlığından, aclıqdan sərsəmləyir, timsah kimi saxta göz yaşları tökür. Zənnimizcə, bu, erməni həyasızlığının, saxtakarlığının, hiyləgərliyinin növbəti teatr tamaşasıdır. Bütün dünya görür ki, Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi erməni təxribatına baxmayaraq adi rejimdə işləyir, hər gün yüzlərlə erməni ailəsi bu yoldan istifadə edir, xəstələrini İrəvana aparır, ərzaq dolu bağlamaları isə Xankəndiyə daşıyır. Bəs onda bunun harası blokada oldu?! Dünyada guya xristianlığı ilk qəbul edən, yer üzündə özlərini ən qədim xalq hesab edən, Nuhun gəmisinin də haylar tərəfindən tikildiyini iddia edən erməni cəmiyyəti sağalmaz xəstəliyə tutulub, onları müalicə etmək mümkün deyil, çünki bu gün dediyi sözü sabah danır, özlərindən başqa heç kəsi bəyənmirlər, bəşəriyyətin bunlara borclu olduğunu düşünürlər. Bunu ancaq şizofreniyaya, sərsəmliyə düçar olanlar deyə bilər.

Qarabağda yaşayan ermənilər Arutyunyanın, Vardanyanın və digər separatçıların girovluğunda qaldıqlarını yaxşı bilsələr də, hara üz tutacaqlarına qərar verə bilmirlər. Görünən odur ki, onlar xunta rejiminin təzyiqindən qorxurlar. Haylar daha çox Rusiya sülhməramlılarına ümid edirlər, anlamırlar ki, bu müvəqqəti bir vəziyyətdir, tezliklə dəyişiləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi barədə bəyanatı separatçıların heç bir perspektivinin olmamasına işarə edir. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti var. Əgər, Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı fəaliyyəti nəticəsində başqa qərar qəbul edilmirsə, bəli, sülhməramlılar ərazini tərk edəcəklər. Qalan hər şey texniki problemlərdir və öz-özünə həll olunacaq. Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi regionunda Ermənistanın silahlı qüvvələri hələ də qalmaqdadır. Ona görə də, hesab edirəm ki, bu amil Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməyə sövq edir. Azərbaycanın tam təhlükəsizliyə nail olmaq üçün Qarabağdakı Ermənistan silahlı qüvvələrinə qarşı dəqiq hərbi əməliyyat keçirməsi ən effektiv ssenaridir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi miqyaslı təxribatlar sayəsində regionda vəziyyət olduqca gərgin olaraq qalır. Azərbaycan dəqiq "cərrahiyyə üsulu" ilə hərbi əməliyyat keçirmək ssenarisinə baxır və bununla da özü üçün gördüyü təhlükəni sovuşduracaq. Ona görə də, bu gün İrəvanı düzgün yola gətirmək üçün siyasi-diplomatik vasitələrdən başqa, Azərbaycanın hərbi əməliyyatlar keçirməsi qaçılmazdır. Ermənistanın hər bir silahlı təxribatına qarşı "Qisas" əməliyyatının keçirilməsi, düşünürəm ki, ən effektiv ssenaridir.

Rusiyalı şərhçi bildirib ki, Azərbaycan diplomatiyası yüksək səviyyədə, həm Rusiya, həm Avropa, həm də ABŞ-da İrəvanla sülhə nail olmaq üçün israrla çalışır. Qeyd edim ki, Ermənistan öz revanşist niyyətindən, milliyyətçi Njde ideologiyasından əl çəkmədən onunla tez bir zamanda sülh sazişini bağlamağa ümid etmək çətin olacaq. Lakin bu, mümkündür. Buna səy göstərmək lazımdır. Bunun üçün Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Nə vaxt ki, Ermənistan rəhbərliyi öz keçmiş şovinist və qeyri-konstruktiv siyasətindən əl çəkəcək, o zaman sülh mümkün olacaq. Biz hamımız bunu gözləyirik. Ümid edirik ki, 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh real olacaq.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan düşmən ölkəyə barış əlini uzatdı, sülh sazişinin bağlanılması üçün beş maddədən ibərət təkliflər irəli sürdü. Ermənistan isə sözdə sülh desə də, əməldə başqa mövqedə dayanır, atəşkəsi pozur, təxribatlar törədir. Vaşinqtonda, Brüsseldə, Moskvada, digər siyasi mərkəzlərdə də Ermənistan hakimiyyətinə edilən anlaşma və sülh müraciətləri, sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər erməni iqtidarı tərəfindən qulaqardına verilir, saymazlıq göstərilir, oyunbazlıq edilir. Siyasi analitiklərin qənaətinə görə, Ermənistanın baş naziri Paşinyan eyni anda 3 tərəfin - ABŞ, Rusiya və Avropanın oturacağında əyləşməyə çalışır. Buna görə də, Nikol Paşinyanı birgə səylərlə düzgün istiqamətə yönəltmək lazım gələcək. Ermənistan üçün ölkəmizlə dinc münasibətlərin qurulması və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması şərtilə sülh müqaviləsinin imzalanması mümkündür. Zənnimizcə, Ermənistan onlara edilən güzəştləri düzgün anlamalı, Qarabağdakı ermənilərin sülh və əmin-amanlıq şəraitində yaşamalarına stimul verməlidir. Çox təəssüf ki, bu deyilənlərə əməl edilmir, öz xalqını yenidən qırğına, əzaba, çətinliyə sürükləyənlər xəstə, şovinist, əsası olmayan, çürük, xam xəyalların ardınca düşürlər. Qarabağdakı ermənilər isə hara üz tutacaqlarına qərar verə bilmirlər.

Salman ALIOĞLU,

"Respublika".