Şəhid ailə üzvlərinə, qazilərə qayğı və dəstək
Sosial həyat

Şəhid ailə üzvlərinə, qazilərə qayğı və dəstək

Məşğulluq proqramlarından ilk növbədə onların yararlanması təmin olunur

Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir. Özünüməşğulluğun təşviqi ilə həmin şəxsləri yardım asılılığından azad edib uzun müddətdə maliyyə dayanıqlığını təmin etmək qarşıya qoyulan əsas məqsəddir.

Özünüməşğulluq proqramı beynəlxalq təcrübədə bir çox ölkələrdə tətbiq edilir və Azərbaycan da ən qabaqcıl təcrübələrin tətbiqi baxımından proqramın davamlı olaraq inkişaf etdirilməsini təmin edir. Özünüməşğulluq proqramını həyata keçirən ölkələrdə müxtəlif prioritetlərin olması onların fəaliyyət dairəsinə və icra mexanizmlərinə təsir edib. Bu səbəbdən də proqramın uğur səviyyəsi ölkələr üzrə dəyişir. Azərbaycanda keçirilən özünüməşğulluq proqramı digər ölkələr ilə müqayisədə uğur faizi yüksək olan layihələrdəndir. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də dövlətin birbaşa dəstəyinin və özünüməşğulluq proqramının davamlı maliyyə dayanıqlığının olmasıdır. Həmçinin proqram istehsal, emal, xidmət və kənd təsərrüfatı olmaqla geniş sahələri əhatə etməkdədir. Bu da öz növbəsində insanların maraqlarına səbəb olur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub. Proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir. Yanvar-mart aylarında proqramın əhatə etdiyi şəxslərin də böyük əksəriyyəti şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və gənclərdir. Proqrama cəlb olunanlara təlimlər keçirildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır. Proqrama dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa dəstək” layihəsi bu il də davam edir. İşsiz aztəminatlı şəxslər, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2021-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 500 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur. Onu da etmək lazımdır ki, “Özünüməşğulluğa dəstək” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir. 2020-ci ildə layihə çərçivəsində 1015 nəfər üçün istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Sosial sahədə tədbirlərin mühüm bir istiqaməti də şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq tədbirlərinə cəlb olunmasından ibarətdir. 2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə qoşulub. Bu istiqamətdə səylər daim artırılır, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq məsələlərinin həlli yönündə işəgötürənlərlə də fəal əməkdaşlıq edilir. “DOST” mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri sürətlə aparılır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması və özünüməşğulluğun təmin edilməsi ilə əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial cəhətdən həssas qruplara aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır. Özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən başlanan müraciətlərin qəbulu may ayı ərzində də davam edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial bağlar” layihəsinə bu il 500 nəfərin cəlb olunması nəzərdə tutulub. Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər. Layihə çərçivəsində vətəndaşlar üçün dövlət dəstəyi ilə biznes istiqamətli bağçılıq təsərrüfatları yaradılır, eləcə də belə təsərrüfatların genişləndirilməsi təmin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində birgə “Baramaçılığın inkişafına dəstək” layihəsinə də başlayıb. 20 nəfərin cəlb olunduğu layihə pilot olaraq baramaçılıq üçün əlverişli olan 4 rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkir) əhatə edir. Layihəyə müraciət edən şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçirilir və sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu ilə təmin edilirlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürülür. Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

Daha bir önəmli yenilik budur ki, özünüməşğulluq proqramının təlim modulu elektronlaşdırılıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən virtual tədris platforması yaradılıb. Platforma artıq Dövlət Məşğulluq Agentliyinin istifadəsinə verilib. Onu da qeyd edim ki, Dövlət Məşğulluq Agentliyi BMT-nin İnkişaf Proqramı ilə birgə bir sıra önəmli layihələrə imza atıb. Səmərəli əməkdaşlıq mühüm fəaliyyət istiqamətləri üzrə genişlənib. Bu yenilik də birgə işlərin müsbət nəticələrinin bariz nümunəsidir. Sahibkarlıq Bacarıqlarının İnkişaf Etdirilməsi sahəsində ilk virtual tədris platformasında özünüməşğulluq proqramı iştirakçıları elektron platformaya daxil olaraq canlı təlimlərdə iştirak edə, video dərslərə baxa, ekspertlərlə birlikdə onlayn qaydada biznes plan tərtib edə bilirlər. Habelə təlimi başa vuran iştirakçıların qiymətləndirilməsi də bu platforma üzərindən həyata keçirilir. Platforma 32 tədris videosu, 32 təlim materialı, 4 naviqasiya videosu, biznes- plan sənədini yaratmaq üçün avtomatlaşdırılmış şablon, eləcə də məzmun idarəetmə sistemi və həyat dərsləri bölməsindən ibarətdir. İstifadəyə verilən bu platforma yalnız özünüməşğulluq proqramına cəlb edilən və artıq təlimə hazır olan işsiz şəxslər üçündür.

İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır. Özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib. 2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağını göstərir. 2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq. Bununla özünüməşğulluq proqramının da əhatə dairəsi genişlənəcək, bu mühüm əhəmiyyətli dəstəkdən yararlanan vətəndaşlarımızın sayı da artacaq. Demək ki, heç kim işsiz qalmayacaq.

Mustafa KAMAL,

“Respublika”.