Ombudsman: Beynəlxalq hüquq normalarının tətbiqində ikili standartlar yolverilməzdir
Sosial həyat

Ombudsman: Beynəlxalq hüquq normalarının tətbiqində ikili standartlar yolverilməzdir

Polşanın paytaxtı Varşavada ATƏT regionuna daxil olan milli insan hüquqları institutları rəhbərlərinin iclası çərçivəsində sessiyalar keçirilib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva sessiyalarda müzakirə zamanı çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Əliyeva Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin etdiyi çoxsaylı çağırışlara baxmayaraq, təcavüzkar Ermənistana qarşı qəti tədbirlərin görülməməsinin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn normalarının pozulmasına səbəb olduğunu qeyd edib. Otuz ilə yaxın müddətində BMT-nin icra olunmamış məlum dörd qətnaməsinin Azərbaycan tərəfindən təkbaşına yerinə yetirildiyi, nəticədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycan ombudsmanı beynəlxalq hüquq normalarının tətbiqində ikili standartların yolverilməz olduğunu vurğulayıb.

Bununla yanaşı, ombudsmanın İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat, bəyanat və müraciətlər toplusu, habelə Ombudsman Aparatı tərəfindən hazırlanmış insan hüquqlarının müxtəlif sahələri ilə bağlı çap vəsaitləri tədbir iştirakçıları arasında paylanılıb.

AZƏRTAC