Ən müqəddəs ucalıq
Sosial həyat

Ən müqəddəs ucalıq

Lənkəran şəhərində boya-başa çatan Elmar Hikmət oğlu İbayev həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görürdü. Elə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini də bu məqsədlə bitirmişdi. Birinci növbədə canına yağı dadanmış yurdumuzun taleyi Elmarı çox düşündürürdü. Heç cür nankor ermənilərin hərəkətlərinə dözə bilmirdi. Odur ki, əbədi, əzəli yurd yerimiz olan Qarabağ torpaqlarını düşmən tapdağından təmizləməyi doğma Azərbaycanına ən müqəddəs xidmət sayırdı. Bu istəklə də orduya yazılır, baş leytenant rütbəsində cəbhə bölgəsində hərbi xidmətə başlayır.

Vətənini canından əziz tutan Elmar ilk gündən nümunəvi xidməti ilə seçilir. Üzərinə düşən vəzifələri yüksək keyfiyyətlə yerinə yetirir. Təlimlər zamanı heç bir çətinlik Elmarı qorxutmur, həmişə qaliblər sırasında olur. Mərd, cəsur, ağıllı bir Vətən keşikçisi kimi hərəkət edir, həm də həmişə öyrənməyə can atır. Baş leytenant tabeliyində olan əsgər və gənc zabitlərə tələbkar yanaşmaqla bərabər, onlara böyük qardaş münasibəti göstərir. Qarşısında duran ən vacib məsələ isə erməni qəsbkarlarının əsarətdə saxladığı müqəddəs Qarabağ torpaqlarının hər qarışı uğrunda döyüşə hazırlığı olur...

Sinəsində Vətənə məhəbbət, düşmənə nifrət hissi aşıb-daşdığı bir vaxtda - sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanır. Baş leytenant qələbə arzusu ilə qanlı-qadalı savaşa yollanır.

Vətən torpağı azad olunduqca Elmarın qəlbində dığalara qarşı nifrəti daha da alovlanır. 12 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə baş leytenant xüsusi fərqlənir. Endirdiyi sarsıdıcı zərbələrin nəticəsində düşmən bütün silah-sursatını atıb qaçmağa üz qoyur. Təəssüf ki, Elmar da Vətən uğrunda gedən ölüm-dirim savaşında 42 yaşında qəhrəmancasına şəhid olur.

Adı zəfər tariximizə düşən, bütöv Azərbaycanımıza şöhrət olan Lənkəran elinin igid oğlu Elmar İbayev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə dövlət tərəfindən ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilir.

Şəhidlik ən müqəddəs bir ucalıqdır. Bu səadət hər kəsə nəsib olmur. O zirvədən gələcəyə boylanmaq yalnız Elmar kimi qəlbində Vətən sevgisi olanların işidir.

Zəfər ORUCOĞLU.