BMU-da anım günü
Sosial həyat

BMU-da anım günü

Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyası BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə rektor, professor Havar Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb. Ulu öndərin hakimiyyətdə olduğu dövrün Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu deyən rektor 15 mindən çox azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərildiyini, ölkəmizin gələcəyi üçün güclü kadr potensialının formalaşdırıldığını xatırladıb.

Ulu öndərin ən ümdə və müqəddəs arzularından birinin - Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqətçəkən H.Məmmədov Heydər Əliyev tərəfindən bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib.

Havar Məmmədov Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini diqqətə çatdırıb, gənclərin ulu öndərin irsinin öyrənilməsi istiqamətində ali təhsil ocaqlarının üzərinə düşən önəmli vəzifələri vurğulayıb.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımızın dərin tənəzzüldən, ölkəmizin ictimai-siyasi pərakəndəlik və anarxiyanın çəngindən xilası yolunda apardığı tükənməz və qətiyyətli fəaliyyətindən söz açıb.

Ümummilli liderin bütün nəsillər tərəfindən hər zaman dərin sevgi və böyük məhəbbətlə anılacağını bildirib.

M.MİRZƏ,

"Respublika".