Qətiyyətli mövqe, dəqiq hədəflər və uğurlu proqram
Tarix

Qətiyyətli mövqe, dəqiq hədəflər və uğurlu proqram

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəsi Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri isə son 200 il ərzində ilk dəfə olaraq itirilmiş torpaqlarımızın qaytarılması oldu. Uzun illərdən sonra ilk dəfə olaraq - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan işğal altındakı ərazilərini azad etdi. Bu isə ölkəmiz üçün yeni üfüqlər, yeni hədəflər müəyyənləşdirir. Belə ki, Azərbaycan artıq Ermənistan tərəfindən aparılan etnik təmizləmə, Qərbi Azərbaycanda öz dədə-baba torpaqlarında yaşayan insanların oradan qovulması məsələsini gündəmə gətirir.

Vurğulamaq lazımdır ki, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev bununla bağlı hədəflərimizi açıqladı. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Azərbaycanın dövlət başçısı cəmiyyətimiz üçün yeni yol xəritəsini təqdim edərək bildirib ki, biz erməni vandallarının siyasi hiyləgərliklə Azərbaycandan qoparılmış Qərbi Azərbaycanımızı unutmamalıyıq.

Ermənistan XX əsrdə bir neçə dəfə Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə əl atıb. Amma haqsız və ədalətsiz mövqe ermənilərə nə başucalığı gətirib, nə də onları xoş rifaha qovuşdurub.

Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Amasiya, Zəngəzur mahalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq, xalqımız həsrətində olduğu qədim Oğuz ellərinə qayıdacaq, haylar heç vaxt öz mənfur niyyətlərini reallaşdıra bilməyəcəklər.

1920-ci ildə erməni daşnakları Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail oldular. Təbii ki, mənfur erməni planları illər sonra da davam etdi. Belə ki, 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar yenidən deportasiyaya məruz qaldılar. Həmin illərdə ermənipərəst qüvvələrin təhriki ilə 150 min soydaşımız ən ağır şəraitdə Qərbi Azərbaycandan aran bölgələrinə qovularaq orada zorla məskunlaşdırıldılar.

1948-1953-cü illərdə ermənilərin həyata keçirdikləri deportasiya daşnakların müsəlmanların doğma torpaqlarından sıxışdırılması prosesinin növbəti mərhələsi kimi tarixə yazıldı.

SSRİ-nin ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən faşist xislətli ermənilər  1988-ci ildə Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin yaradılması pərdəsi altında öz iyrənc dövlət siyasətini davam etdirdilər. Kütləvi qətllər törətməklə Qərbi azərbaycanlıların yaşadıqları kəndləri dağıtdılar. Quqarkda 70 nəfər soydaşımız qətlə yetirildi, Basarkeçərdə, Zəngibasarda, Qacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisiyanda, Amasiyada, Allahverdidə törədilən qırğınlar nəticəsində 300 minə yaxın soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur oldular. 1948-1953-cü illərin hadisələri təkrar olundu. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildi. Ermənistan isə təkmillətli respublikaya çevrildi. Daşnakların "Azərbaycanlılarsız Ermənistan" ideyası həyata keçirildi. 1988-ci ildə separatçı "miatsum" hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı.

Prezident İlham Əliyev ötən ilin dekabrında Qərbi Azərbaycan ziyalıları ilə görüşündə demişdir: "1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Və biz bu tarixi yaxşı bilirik".

Sözü imzası qədər etibarlı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər reallaşır, proqramlar icra olunur. Bu, Azərbaycanın gücünü, qətiyyətini göstərən faktor qismində çıxış edir. Bütün dünya bilir ki, Azərbaycan dövlətinin irəli sürdüyü təşəbbüslərin arxasında ədalət, qətiyyətli mövqe, dəqiq hədəflər və uğurlu proqram dayanır. Bu isə Qərbi Azərbaycandakı doğma dədə-baba yurdlarımıza qayıdacağımıza böyük əminlik yaradır.

Əlif MÜRSƏLOV,

Yeni Azərbaycan Partiyasının üzvü.