Tarixi ədalətin bərpası
Tarix

Tarixi ədalətin bərpası

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın öz milli dövlət quruluşu məsələlərini həll etməyə suveren hüququnu əsas tutaraq, 1923-cü ildə xalqımızın milli mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni xalqı arasında milli ədavətin dərinləşməsinə şərait yaradan, ölkənin ən böyük təbii-iqtisadi bölgəsi olan Qarabağın infrastrukturunun dağıdılmasına və təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi əlamətlərin bu ərazidə yox edilməsinə xidmət edən Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV)  yaradılmasını qeyri-hüquqi hesab edərək onu ləğv etmək haqqında qanun qəbul edib.

Həmin qanunda göstərilir ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilir və "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılır. Həmçinin Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardaksrt rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılır. Bununla yanaşı, Əsgəran və Hadrut rayonları ləğv edilir.  Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilir.

Ermənistan Azərbaycanın bu əzəli tarixi ərazisini qoparıb almaq üçün DQMV-ni bir alətə çevirmişdi və ölkəmizin suverenliyi və ərazi bütövlüyü üçün real təhlükə törədirdi. DQMV-nin ləğv edilməsinin digər bir səbəbi də Qərbi azərbaycanlıların deportasiyaya məruz qalması idi. Halbuki, vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yarım milyon  azərbaycanlı yaşayırdı. Lakin buna baxmayaraq, soydaşlarımız üçün heç bir milli-mədəni muxtariyyət  yaradılmamış, 1991-ci ilə qədər isə orada bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Bunun əksinə olaraq DQMV ərazisində yaşayan ermənilər genişmiqyaslı terrorçuluq əməlləri törədərək öz dövlətinin ərazisində yaşayan həmyerlilərimizə qarşı kütləvi qırğınlar təşkil edirdi. 

Lakin Ali Sovetin qəbul etdiyi bu qərar keçmiş Dağlıq Qarabağın və ətraf ərazidə yerləşən 7 rayonun işğalına mane ola bilməmişdi. DQMV-nin yaradılması, Ermənistan və Azərbaycan arasında münaqişənin yaranmasının səbəblərini araşdırarkən aydın olur ki, bu konfliktin əsası 1917-ci ildə Rusiya imperiyasının süqutu, Cənubi Qafqazda baş vermiş genişmiqyaslı geosiyasi dəyişikliklər fonunda qoyulmuşdur. Həmin tarixdən etibarən bu məsələ XX əsr boyunca davam etmiş və SSRİ-nin dağılması ilə ən "qaynar" dövrünü yaşamışdır.

Ermənistanın Qarabağa haqsız torpaq iddialarının ilkin mərhələsi  1918-1920-ci illərə təsadüf edirdi. Həmin dövrdə Cənubi Qafqazda yaranan 3 müstəqil dövlətin sərhədlərinin olmaması ermənilər üçün fürsətə çevrilmişdi. Rusiyanın yenidən regionu öz nəzarəti altına almasından sonra da Ermənistan SSR öz saxta iddialarından əl çəkmədi. 1923-cü il iyunun 30-da Rusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi. 1923-cü il 7 iyulda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi DQMV-nin yaradılması haqqında dekret verdi. Dekretdə vilayətin mərkəzi Xankəndi göstərildi. DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi uzun illər Azərbaycanın başına bir bəlaya çevrildi. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, 1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bomba idi və  nə vaxtsa partlamalı idi. Düzdür, o vaxt ölkəmizə rəhbərlik edən şəxslər Qarabağı Azərbaycanın tərkibində saxlamağa nail olmuşdular. Lakin bu, muxtariyyət şəklində olmalı deyildi!

Musa BAĞIRLI,

"Respublika".