VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

3 mart

  • Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu başa çatıb.

Dünyanın geosiyasi vəziyyəti Antalyada müzakirə edildi

Dünya ədəbiyyatının məşhur simalarından olan Viktor Hüqo deyib ki, sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. Eləcə də bu günümüzün necə olmasından asılı olmayaraq sabahımız diplomatiyadır. Bu fikir olduqca böyük əhəmiyyətə malikdir. Çünki qlobal proseslərin hazırkı inkişafını nəzərə alanda görürük ki, müharibə hərb meydanında bitsə də, diplomatiya masasında davam edir.

Diplomatik xaos isə toqquşmalarla müşahidə olunur. Bunun ən son nümunəsi Şərqi Avropada davam edən Rusiya-Ukrayna, eləcə də Yaxın Şərqdə gedən İsrail-HƏMAS müharibəsidir. Bəzi ekspertlər bu gedişatı Üçüncü Dünya müharibəsi kimi səciyyələndirirlər. Bunun nə dərəcədə real olduğunu deyə bilmərik, amma inkaredilməz faktdır ki, yeni dünya nizamı formalaşır. Proses də məhz diplomatik masalarda nəzərdən keçirilir.

Bu baxımdan, Münxen Təhlükəsizlik Konfransı, Davos Dünya İqtisadi Forumu, "Valday" Beynəlxalq Diskussiya Klubu, Doha Forumu hər zaman əhəmiyyətli platforma kimi ön planda dayanır. Artıq 3 ildir ki, təşkil edilən Antalya Diplomatiya Forumu da beynəlxalq müstəvidə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq çərçivəsində həll edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır.

Dünyada müşahidə edilən proseslər sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olunmasını, eləcə də hərbi münaqişələrin qarşısının alınmasını, onların yaratdığı fəsadların aradan qaldırılmasını və bu istiqamətdə yeni münasibətlərin formalaşmasını tələb edir. Bu baxımdan, Antalya Diplomatiya Forumundan da gözləntilər çox idi və gedişat ümidləri doğrultdu. 2021-ci ildə ilk dəfə keçirilən tədbir dünyanı cənginə alan COVID-19 pandemiyasına baxmayaraq, bir çox dövlət və hökumət başçısının da qatıldığı 2 minə yaxın iştirakçını bir araya gətirə bildi.

  • Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb.

4 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
  • Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Şahbaz Şərifi təbrik edib.
  • ANAMA ötən həftə 371 partlamamış hərbi sursat zərərsizləşdirib.

5 mart

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.
  • Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binalar sökülür.

Yerlə-yeksan olan növbəti erməni xülyası

Qədim yurd yerimiz olan Xankəndi şəhərinin Baş planı hələ sovet hakimiyyəti dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilib. Həmin illərdə Xankəndidə Azərbaycan SSR-in maliyyə vəsaiti hesabına genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilib. SSRİ süqut etdikdən sonra bu ərazinin separatizmin beşiyinə çevrilməsi şəhər mərkəzində bəzi qondarma tikililərin inşa edilməsinə gətirib çıxardı. Belə binalar işğal faktorunu özündə əks etdirirdi.

"Dünya durduqca, bu binalar duracaq...". Bu sözlər Ermənistan parlamentinin eks-spikeri Tiqran Torosyana aiddir. O bu cür xəyalpərəsət fikirləri 2007-ci il sentyabrın 2-də qondarma rejimin "parlament" binasının açılışında demişdi. Amma bugünkü reallıq tam başqadır. Həmin "parlament" binası Xankəndinin əbədi sakinləri olan azərbaycanlılar tərəfindən tarixin zibilliyinə göndərilib. Çünki işğaldan azad olunmuş ərazilərdə, eləcə də Xankəndi şəhərində işğal illərində qanunsuz tikilmiş binalar sökülür.

İndi sadəcə toz-torpaq yığını olan "parlament" binası inşa edilənə qədər erməni məmurlarının ciblərini doldurub. Mənbələrdə göstərilir ki, "parlament"in tikintisi üçün 586 min ABŞ dolları vəsait ayrılıb. Ancaq həmin maliyyə vəsaiti "yetərsiz" olduğundan, daha sonra 985 min ABŞ dolları da əlavə edilib. Nə qədər təəccüblü görünsə də, son göstərilən məbləğ də qondarma rejimə bəs etməyib. Ona görə də binanın inşa edilib başa çatması üçün adı gizli saxlanılan sponsorlardan ianələr toplanılıb. Beləliklə, ümumi sahəsi 1350 kvadratmetr olan binanın açılışı min fırıldaqdan sonra baş tutub. "Parlament" binasında oturanlar uzun illər ölkəmizin suverenliyini təhdid edib, günahsız insanlara qarşı qətliam, soyqırımı planları hazırlamaqla məşğul olduğundan, bura əslində terrorçu yuvası kimi fəaliyyət göstərib.

  • Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda tədbirlə bağlı mətbuat konfransı keçirilib.
  • Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib.
  • Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının 2026-cı ildə Bakıda keçiriləcəyi təsdiqlənib.

6 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
  • Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
  • İstanbulda Azərbaycan-Türkiyə Beynəlxalq Gənclik Forumu keçirilib.

7 mart

  • Prezident İlham Əliyev "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Prezident İlham Əliyev "Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 7-ci görüşü keçirilib.
  • Azərbaycan XİN Ararat Mirzoyanın "Anadolu" agentliyində dərc edilmiş müsahibəsinə münasibət bildirib.
  • Muxtar Babayev Dünya İqlim Fondunun prezidenti ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıb.

8 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

Azərbaycan İslamofobiyaya qarşı mübarizəyə yeni nəfəs gətirir

Azərbaycan islamofobiya, ksenofobiya kimi bəşəri cinayətlərdən əziyyət çəkən ölkələr sırasındadır. Xüsusilə Birinci Qarabağ müharibəsi dövründə - soydaşlarımız qaçqın və məcburi köçkün kimi yurd-yuvalarından didərgin düşən zaman bu hallarla qarşılaşmışıq. Sirr deyil ki, ksenofobiyanın tüğyan etdiyi Qərb blokunun xristian dininin geniş yayıldığı ölkələrə olan münasibəti ilə türk və müsəlman dövlətlərinə yanaşması eyni deyil. Bu çirkin əməllər "sərhədlərin müqəddəsliyi", "xaç qardaşlığı" adı ilə gizlədilir. Azərbaycanın separatizmlə mübarizəsini, ərazi bütövlüyünü təmin etməsini "etnik təmizləmə" adlandırırlar. Bu mənada hesab edirəm ki, Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın keçirilməsi olduqca əhəmiyyətli hadisədir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XXI əsrdə İslamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Dindən siyasi alət, silah kimi istifadə dünyaya yalnız ixtilaflar, gərginliklər gətirə bilər. Qərəzli, yanlış ideologiyalarla doldurulmuş beyinlər sağlam düşüncədən uzaq olurlar və belə düşüncə sahiblərinin siyasi hakimiyyətlərdə yüksək postlar tutması arzuolunmaz hallara səbəb olur. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur. Təəssüflə qeyd edək ki, özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətində islamofobiya elementləri kök salıb.

  • XİN Fransanın qərəzli bəyanatlarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

9 mart

  • Xankəndidə silah-sursat aşkarlanıb.
  • Yanvar-fevral aylarında müavinət və Prezident təqaüdləri üzrə 290 milyon manat vəsait ödənilib.

“Respublika”.