Qəhrəmanlıq tariximizin canlı şahidi
Sosial həyat

Qəhrəmanlıq tariximizin canlı şahidi

Vətən müharibəsi başlayan gün - 27 sentyabr 2020-ci il tarixindən etibarən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində hərəkət edən qoşunların mühəndis təminatının təşkilinə, xüsusilə də Həkəri çayı üzərində düşmən tərəfindən partladılmış körpülərin ətrafının partlayıcı maneələrdən təmizlənməsi, brod keçidləri və tank körpüquranlarından istifadə etməklə hərbi körpülərin hazırlanmasına rəhbərlik etmişəm. Düşmən tərəfindən partlayışa hazırlanmış 2 körpünün elektrik partlayış xəttini kəsərək zərərsizləşdirmişəm. Şuşa şəhərinin işğaldan azad edilməsi üçün düşmən artilleriyasının atəşləri altında dağlıq və sıx meşəlik ərazilərdən ZƏFƏR yolunun qısa müddətdə çəkilməsinə və qoşunların həmin yoldan keçirilməsinə rəhbərlik etmişəm...

Kəlbəcər rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətinin təmin olunması üçün sərt dağlıq və qarlı ərazilərdə Ömər Aşırımından keçməklə düşmən tərəfindən minalanmış və dağıdılmış yolun bir hissəsinin mina və digər maneələrdən təmizlənərək bərpasına, bərpa olunması mümkün olmayan hissələrdə isə yeni yolun çəkilməsinə rəhbərlik də mənə həvalə edilib.

Laçın rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətini təmin etmək üçün Güləbird-Laçın yolunun mina və partlamayan maneələrdən təmizlənməsi, yolun partladılmış hissəsinin bərpası, partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanması rəhbərliyim altında həyata keçirilib...

1 fevral 1999-cu ildə "N" saylı hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı, həmçinin... 5 noyabr 2001-ci ildə "N" saylı hərbi hissənin ön mövqeyində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində yaralanmışam...

Ölümün bir addımlığında, bəzən də saniyələr fərqində baş verən bu dəhşətli anlar fantastik filmlərdə və ya xəyallarda baş verməyib. Bu, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İbadulla oğlu İsrayılovun həyat hekayəsidir.

Raqif İsrayılov 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. Kənd orta məktəbini bitirərək 1993-cü ildən həqiqi hərbi xidmətə başlayıb və həmin il Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin xüsusi fakültəsinə daxil olub. 1997-ci ildə məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib və peşəkar hərbi xidmətə başlayıb. Əvvəlcə "N" saylı hərbi hissənin ponton-keçid taqımının komandiri, sonra isə mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, mühəndis-istehkam bölüyünün komandiri, mühəndis xidmət rəisi, hərbi hissə komandirinin MTT üzrə müavini, hərbi hissənin əməliyyat bölmə rəisinin köməkçisi (mühəndis xidmətinin koordinatoru), əməliyyat bölməsinin zabiti, əməliyyat şöbə rəisinin mühəndis xidməti üzrə baş köməkçisi, mühəndis xidməti rəisi, qərargah rəisi, briqada komandirinin müavini, mühəndis xidməti rəisi, əməliyyat idarəsinin mühəndis xidməti rəisi, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Mühəndis silahlandırma vasitələri şöbəsinin rəisi olub.

2019-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik kursunu bitirib.

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə 2019-cu ildə ona polkovnik hərbi rütbəsi verilib.

Peşəkar və vətənpərvər hərbçi olan Raqif İsrayılovun təltif olunduğu medallar və digər mükafatlar onun yüksək və peşəkar fəaliyyətinə verilən yüksək qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə polkovnik Raqif İsrayılov "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı ilə təltif olunub. Onun sinəsini bəzəyən digər medalları da müasir hərb tariximizin zənginliyini və gücünü təsdiqləyir. Belə ki, polkovnik yüksək döyüş bacarığına, qabiliyyətinə və igidliyinə görə onlarla medallara layiq görülüb. Prezidentin müvafiq sərəncamları ilə təltif olunduğu "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Zəngilanın azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə" medalları polkovnik Raqif İsrayılovun qəhrəmanlıq tariximizin canlı şahidi olduğunun göstəricisidir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".