ÖLMƏZLİYİN QÜRURUNU YAŞADANLAR
Region

ÖLMƏZLİYİN QÜRURUNU YAŞADANLAR

Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə,  düşməni ağır məğlubiyyətə uğradarkən şəhid versək də, bu qəhrəmanlar öz möhtəşəm heykəllərini əbədiləşdirərək, mayaka çevrildilər. Daşkəsəndə şəhidlərin məzarını ziyarət etmək, adlarını əbədiləşdirmək və xatirələrinə bulaq inşa edilməsi artıq ənənə halını almışdır. Vətən müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri Daşkəsən Şəhidlər Xiyabanında şəhidin xatirəsini yad edib, məzarına gül-çiçək dəstələri düzüblər.

Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, Vətən müharibəsində daşkəsənlilər də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına vuruşublar. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğludur. Elşən Quliyev 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində doğulub, Vətən müharibəsində igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb və dekabrın 12-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Elşən Quliyev ölümündən sonra "Vətən uğrunda",  "İgidliyə görə"  və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Allah şəhidimiz Elşən Quliyevə rəhmət eləsin, onun ruhu şad olsun. Anası Səyyarə xanıma bir daha bütün Daşkəsən rayon ictimaiyyəti adından başsağlığı verir, qarşısında baş əyirik.

            Zabit XƏLİLOV,

            "Respublika".