Müdafiə Nazirliyi: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yeni təxribatları barədə məlumat yayıb.
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yeni təxribatları barədə məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və rəsmi Yerevanın növbəti dəfə təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Azərbaycan Ordusunun bölmələri Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə adekvat tədbirlər görür.

***

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

***

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

"Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

AZƏRTAC