Milli Qoşulmama Hərəkatı Modelinin Simulyasiya Konfransı işə başlayıb
Siyasət

Milli Qoşulmama Hərəkatı Modelinin Simulyasiya Konfransı işə başlayıb

Fevralın 10-da Bakıda Milli Qoşulmama Hərəkatı Modelinin Simulyasiya Konfransı işə başlayıb. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilən konfrans çərçivəsində "Milli Qoşulmama Hərəkatı Modeli" simulyasiya məşğələsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransın təşkilində məqsəd cəmiyyətdə, xüsusən də gənclər arasında Qoşulmama Hərəkatının fəaliyyəti barədə təsəvvürlərin artırılması, eləcə də Hərəkatın Gənclər Şəbəkəsinin fəaliyyətinin gənclər arasında daha geniş təbliğidir.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurduğunu bildirib. Deyib ki, ölkəmizin bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq. Nazir diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində irəli sürülən təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib və təqdirəlayiqdir.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bildirib ki, "Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası" konfransında Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş xüsusi Təqaüd Proqramı ilə Azərbaycanda təhsil alan Qoşulmama Hərəkatına üzv dövlətlərdən bir qrup əcnəbi tələbə də iştirak edir. O, ölkəmizdə təhsil alan bütün gəncləri bu beynəlxalq şəbəkəyə qoşulmağa və daha fəal olmağa çağırıb.

"Gənclər dövrümüzün ən çətin çağırışlarının həllində dövlətlərinə və hökumətlərinə kömək etmək üçün güc, enerji və çox ehtiyac duyulan qüvvədir. Biz inanırıq ki, gənclərin enerjisi və gücü dövrümüzün ən çətin problemlərinin həllinə yardım edəcək", - deyə nazir əlavə edib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov diqqətə çatdırıb ki, Fond azərbaycanlı gənclərin beynəlxalq tədbirlərdə, konfranslarda və müsabiqələrdə iştirakının maliyyələşdirilməsini həyata keçirib. Fond tərəfindən indiyədək 400-dən çox gəncin xaricdə keçirilən müxtəlif tədbirlərdə iştirakına dəstək verilib.

"Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması gündəlikdə duran bir çox məsələlərin həll edilməsində, o cümlədən dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək. Bizim 2022-ci il üçün ambisiyalı fəaliyyət planımız var və inanırıq ki, bu tədbir həmin fəaliyyət planının başlanğıcı olacaq", - deyə icraçı direktor qeyd edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə cəmiyyətin həyatında gənclərin rolunu qeyd edərək onlara uğurlar arzulayıb. Gənclərin maraqlı və faydalı layihələrdə iştirak etmələrinin vacibliyini qeyd edən prorektor onları fəal olmağa çağırıb.

Mərasimin sonunda Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən videoçarx nümayiş olunub.

Üç gün davam edəcək Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında Qoşulmama Hərəkatının yüksək səviyyəli iclasının simulyasiyası həyata keçiriləcək. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin nüfuzlu şəxslərinin rollarını icra edərək qlobal problemlərə həll yolları təklif edəcəklər.

AZƏRTAC