Maska yırtıldı, əsl üz ortaya çıxdı
Siyasət

Maska yırtıldı, əsl üz ortaya çıxdı

Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmədi. Qurumun deputatları ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini, xüsusilə Bakının siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.

Azərbaycan 3 il bundan öncə öz ərazi bütövlüyünü bərpa edəndən, 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarını geri aldıqdan sonra bir çox Avropa qurumları kimi, AŞPA-nın da maskası düşdü və əsl siması ortaya çıxdı. Bu qurum, artıq öz problemlərini həll edən Azərbaycana əngəl olmaq üçün dəridən-qabıqdan çıxır.

AŞPA Azərbaycana qarşı dürüst olsaydı, heç olmasa, bircə dəfə Ermənistanın öz ordusunu Azərbaycanın rayonlarından çıxarmasını tələb edən qətnamə qəbul edər, abad rayonlara vurulmuş 150 milyardlıq zərərə dair müzakirə aparardı. Amma çox təəssüflər olsun ki, bir dəfə də olsun belə müzakirələrə rast gəlinmədi.

Bir neçə gün öncə isə sırf "erməni məsələsi"nə görə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Bu təşəbbüsü sosialistlər siyasi qrupunun rəhbəri, almaniyalı deputat Frank Şvabe irəli sürüb və bu təşəbbüs təsdiqlənib. Şvabe də fransız həmkarları kimi, daima ermənilərin tərəfindədir və Azərbaycana qarşıdır.

Çoxdan bəllidir ki, Fransa və Almaniya müsəlman ölkələrinə qarşı xroniki olaraq qərəzli mövqedədirlər. Hətta Türkiyənin Avropa İttifaqına daxil olmasının qarşısını da məhz bu iki dövlət alır. Onlar "erməni məsələsi"ndə də heç zaman haqq-ədalət mövqeyindən çıxış etməyiblər, əsasən "xristian qardaşlığı" motivi ilə hərəkət ediblər və həmin istiqamətdə ardıcıl çalışırlar.

''AŞPA-nın Fransa və Almaniyadan aldığı tapşırıq onun üçün əsasdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel başda olmaqla avropalı diplomat və deputatlar üçün bu faktlar da yəqin əsas olmayacaq. Erməni sevgiləri və tapşırıq aldıqları ölkələr buna imkan verməyəcək. Separatizmə açıq dəstək göstərən Borrelin və həmkarlarının bu yanaşmaları, ermənipərəst mövqeyi bütövlükdə Avropaya zərbə vurur. Lakin anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və heç bir qüvvə də onunla təhdid dilində danışa bilməz''. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. O bildirib ki, Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu qurumdan ədalət gözləyirdi və hesab edirdi ki, avropalı parlamentarilər ədalətli olacaq, ermənilərlə bir əsrlik ixtilafı haqq-ədalətlə çözəcəklər. Amma çox təəssüflər olsun ki, bu qurum da ermənipərəst mövqeyini ortaya çıxardı.

Y.Karauz vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Avropadakı bir çox təşkilat Azərbaycana qarşı ikili standartlar tətbiq edərək qeyri-səmimi münasibət göstərdilər. AŞPA Ermənistan-Azərbaycan münaqişəsini, hüquqdan uzaq və tərəfsizliyə zidd bir perspektivdə qiymətləndirərək tərəflər arasında problemin həllinə nail olmaq əvəzinə, yeni problemlər yaratmağa başladı. Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi problemini öz imkanları ilə beynəlxalq hüquq normalarına uyğun azad etməsi, Qafqaza sülh və sabitlik gətirməsi, Fransa, Almaniya və Avropanın bir-iki kiçik dövlətini narahat etməyə başlayıb. Onlar Ermənistanı öz ideyalarına xidmət edən alətə çevirməklə çalışırlar ki, regiona sülh gəlməsin. Hesab edirəm ki, AŞPA-nın qərarı ciddiyə alınmayacaq qədər önəmsiz bir məsələdir.

Qanunlardan uzaq olan bu qurumun şəxsi siyasi ambisiyaları çərçivəsində fəaliyyət göstərdiyini deyən Y.Karauzun sözlərinə görə, Ermənistanla bağlı insan hüquq və azadlıqlarından danışan bu təşkilat Türkiyə və Azərbaycan kimi dövlətlər üçün demokratiya, azadlıq, insan haqları məsələsi mövzu olduqda xaos yaradır: ''Bizim insanlıq, hüquq, qabaqcıl dövlət imkanları baxımından Avropadan öyrənəcəyimiz heç nə yoxdur. Ümumiyyətlə, onlara etdiklərinin səhv olduğunu müəyyən formada ifadə etmək vacibdir. Avropa Türkiyəni qəbul etmir, amma Türkiyəyə şərt qoyur, Azərbaycana da oxşar şərtlər qoymağa çalışır. Avropa Azərbaycan üçün mütləq deyil. Azərbaycan öz fəaliyyətini cəmiyyəti, dövləti, xalqı üçün inkişaf meyarları çərçivəsində həyata keçirir. Ona görə də, Azərbaycan mövqe nümayiş etdirməlidir. Mən Azərbaycanı bu qərarına görə təbrik edirəm. AŞPA-ya etdiklərinin yanlış olduğunu, onların dünyanın sahibi olmadığını deməyin vaxtı çatıb".

Onu da qeyd edək ki, AŞPA-da Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya da olub.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.