Koreyanın Xarici İşlər Nazirliyində və Milli Assambleyasında görüşlər
Diaspora

Koreyanın Xarici İşlər Nazirliyində və Milli Assambleyasında görüşlər

Koreya Respublikasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya xarici işlər nazirinin xaricdə yaşayan koreyalılarla iş və konsulluq məsələləri üzrə müavini Choi Yeonghan ilə görüşüb. 31 may Komitədən verilən məlumatda bildirilir.

Görüş zamanı Komitə sədri Azərbaycan və Koreya arasında münasibətlərin perspektivləri, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycan icmasının Koreya cəmiyyətinə inteqrasiyası, gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb.

Choi Yeonghan öz növbəsində Komitə sədrini salamlayaraq, Koreyaya səfərini yüksək dəyərləndirdiyini bildirib. Azərbaycanın regionda üzləşdiyi problemlərə çağırışlarının sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Nazir müavini Koreyada yaşayan və təhsil alan azərbaycanlıların aktiv fəaliyyətinin ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəklərini ifadə edib.

Komitə sədrinin növbəti görüşü Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonq Su ilə olub. Dostluq qrupunun rəhbəri Komitə sədrinin səfərindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu, bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərə yeni imkanlar yaradacağını söyləyib.

Görüşə görə minnətdarlığını bildirən sədr Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib.