Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Çərşənbə axşamı Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin hakim partiyaları arasında əməkdaşlıq sazişi imzalanıb. Müqavilə ölkələr arasında siyasi münasibətləri "üç dövlət, bir millət" prinsipi əsasında davam etdirmək məqsədi daşıyır. Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP), Azərbaycanın Yeni Azərbaycan Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyasının (UBP) nümayəndələri arasında imzalanma mərasimi keçirilib.

Mərasimdə Şimali Kipr Türk Cümhuriyyətinin vitse-prezidenti və TBMM sədri Zorlu Törə, Baş nazir Ünal Üstel, Baş nazirin müavini Fikri Ataoğlu, Bayındırlıq və nəqliyyat naziri Erhan Arıklı və digər nazirlər, millət vəkilləri və rəsmilər, həmçinin hər üç ölkədən siyasi partiyaların nümayəndə heyətləri iştirak ediblər.

"ICESCO.org": ICESCO-nun baş direktoru Azərbaycanın xarici işlər nazirini qəbul edib

ICESCO-nun rəsmi saytı təşkilatın baş direktoru Dr. Salim M.AlMalikin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qurumun Rabatdakı Baş Qərargahında qəbul etməsi barədə xəbər yayımlayıb. Təşkilat daxilində bir sıra sektor və departament rəhbərlərinin iştirak etdiyi görüşdə ICESCO ilə Azərbaycan arasında yüksək səviyyəli tərəfdaşlıq və əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin Azərbaycanın digər üzvlər arasında mühüm rolu qeyd edilib. Dr. AlMalik ICESCO-ya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə səmimi təşəkkür və minnətdarlığını bildirib.

İclasda ICESCO-nun həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın maliyyə dəstəyi ilə 2022-ci ildə başlanmış Gənc Peşəkarlar Proqramı müzakirə edilib. Bu proqram İslam dünyasındakı gənc istedadlara təşkilatın sektor, şöbə və mərkəzlərində 2 illik peşəkar təlim keçmək imkanı verir. Bundan başqa, görüşdə qarşıda duran birgə proqram və layihələr, xüsusilə Şuşanın 2024-cü ildə İslam dünyasının Mədəniyyət Paytaxtı kimi qeyd olunması ilə bağlı müzakirələr aparılıb.

Görüşdən sonra sözügedən proqrama seçilmiş 10 fərqli ölkədən gələn iştirakçılar qəbul edilib. Daha sonra ICESCO-nun baş direktoru, Azərbaycanın xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti hazırda təşkilatın baş qərargahında yerləşən "Peyğəmbərin Sirahəti və İslam Sivilizasiyası" sərgi və muzeyini ziyarət ediblər.

"Modern Power Systems": ACWA, Masdar və ARDNŞ Azərbaycanda 500 MVt gücündə enerji layihələri üçün memorandum imzalayıb

ACWA Power Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında 500 MVt bərpaolunan enerji layihələrinin reallaşdırılması üçün Masdar kimi tanınan Abu Dhabi Future Energy Company və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə anlaşma Memorandumu imzalayıb.

Bu barədə "Modern Power Systems" xəbər saytı məlumat yayıb. Anlaşma Memorandumu imzalayan tərəflər dekarbonizasiyanı sürətləndirən enerji layihələrini həyata keçirmək üçün öz təcrübələrini birləşdirmək niyyətindədirlər.

"Qafqaz saatı": Aİ-nin Ermənistanın ərazi bütövlüyü ilə bağlı Azərbaycana iradlarına kəskin reaksiya verilib

Noyabrın 13-də Brüsseldə keçirilən Avropa İttifaqı Xarici Əlaqələr Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunub. Qurum iki ölkənin sərhədində müşahidəçilərin və patrulların sayını artırmaq qərarına gəlib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, təmsil etdiyi alyans Ermənistanda daxili sabitliyin pozulması cəhdlərinə qarşı ayıq olmalıdır.

Bu barədə Almaniyanın "Qafqaz saatı" xəbər portalı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Borrelin regiondakı reallıqları təhrif edən ittihamlarına cavab verib.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Azərbaycan XİN-in cavabında, həmçinin bildirilib ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.

"Turkic World": Azərbaycan və Qazaxıstan elektron hökumətlə bağlı təcrübə mübadiləsi aparır

"Turkic World" xəbər saytı yazır ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən "StrategEast Dövlət və İT Avrasiya Forumu"nda (The StrategEast State and IT Eurasian Forum) iştirak edib. Qeyd edilir ki, noyabrın 7-8-də Almatı şəhərində keçirilmiş tədbirin məqsədi Avrasiya dövlətlərinin İT sənayesi liderləri və dövlət nümayəndələrinin bir araya gəlməsi üçün dialoqun təşkil olunmasıdır. Burada 70-dən çox spiker, ümumilikdə 200-dən çox iştirakçı yer alıb. Forum müddətində iştirakçılar Avrasiya ölkələrində İT sektoru üçün yaradılan imkanlar, bu sahədə hər bir ölkənin qeydə alınmış təcrübələri, hökumətlərlə İT sektoru arasındakı əlaqələr barədə mübadilə aparıblar. Forumun ikinci günündə "İctimai xidmətin rəqəmsallaşdırılması və e-hökumət" adlı panel sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov Azərbaycanın bu sahədə istifadə etdiyi təcrübə, rəqəmsal inkişaf siyasəti və İRİA-nın rəqəmsallaşma istiqamətində gördüyü işlər və qeydə alınan əsas nəticələr barədə məlumat verib.

"Respublika".