Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Diaspora

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

İSTANBUL

Türkiyədə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü coşquyla qeyd olunub. Belə tədbirlərdən biri də Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə İstanbulda baş tutub. Mərasimdə İstanbulun Kadıköy kaymakamı Muhittin Pamuk, İSTAD sədri Səfər Qaraqoyunlu, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, media nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib və hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İSTAD sədri Səfər Qaraqoyunlu, dünya azərbaycanlılarının və türk dünyasının bayramını təbrik edib, bu birlik və həmrəyliyin bütün dünya üçün bir nümunə olacağına ümid etdiyini deyib. Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən diaspor rəhbəri 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlıların türklərlə çiyin-çiyinə vuruşduğunu, 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsində Türkiyənin Azərbaycana köməyə gəldiyini vurğulayıb. Hər iki ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xalqlarımızın azad, firavan yaşaması üçün göstərdikləri əvəzsiz xidmətlərdən və ölkələrimizin tarixi baxımından 2023-cü ilin uğurlu bir il olduğunu vurğulayıb.

İstanbulun Kadıköy kaymakamı Muhittin Pamuk da çıxışında Türkiyə və Azərbaycan arasında mövcud olan həmrəyliyin, birliyin daha da gücləndirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb.

Tədbir iki qardaş ölkənin milli musiqilərindən ibarət bədii hissə ilə davam edib.

KARS

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Türkiyənin Kars şəhərindəki Baş konsulluğunun təşkilatçılığıyla keçirilən bayram tədbirində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın Karsdakı baş konsulu Nuru Quliyev, Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin Uzmanı dr. Aynur Babaşova Beşkonak, professor dr. Fahrettin Kırzıoğlu və digər rəsmi qonaqlar iştirak ediblər.

Baş Konsul N.Quliyev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir, eləcə də dünyanın müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğruldub. Baş Konsul vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Azərbaycan Ordusunun gücü sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və artıq dünyanın bütün yerlərində yaşayan həmvətənlərimiz bütöv Azərbaycanın vətəndaşları olaraq Həmrəylik Gününü qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs edən dr. Aynur Babaşova Beşkonak çıxışında deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Həmin vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilib. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına öz qərarını verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev, Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bayram edilir. Və indi hər bir azərbaycanlı bu günlə fəxr edir və onu qürurla qeyd edir.

Tədbir bayram konserti ilə davam edib.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.