Kənd təsərrüfatı naziri İnam Kərimov Samuxda
İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri İnam Kərimov Samuxda

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti, əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa bağlı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı Dövlət proqramları həyata keçirilir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil etməklə uğurlu inkişafdadır.

Qabaqcıl aqrar rayonlardan olan Samuxda da bu sahəyə xüsusi diqqət yetirilir. Belə ki, rayonun iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir. Ərazilərdə   qarğıdalı, buğda,  günəbaxan, soya və yonca bitkiləri əkilir.

İyulun sonu, avqustun əvvəllərində ən xeyirli məhsullardan olan günəbaxan sahələrində məhsul yığımına start veriləcək. Kənd təsərrüfatı naziri İnam Kərimov yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan fermerlərlə görüşüb, onları dinləyib və öz tövsiyələrini verib.

Eyni zamanda, Samux rayonunun Alıuşağı kəndində keçirilən geniş görüşdə məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi də  aparılıb.

Qeyd olunub ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə dən üçün  günəbaxan əkilib.   Ötən il sahələrdən orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Ümumiyyətlə, günəbaxan əkinlərinin əsas hissəsi Gəncə-Daşkəsən iqtisadi rayonunun payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, suvarılıb, düzgün aqrotexniki qulluq edilib. Avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar. Görüşdə fermerlərin qaldırdığı aktual məsələlər və səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Kənd təsərrüfatı naziri İnam Kərimov  eyni zamanda səfər çərçivəsində  rayon mərkəzində yerləşən heyvandarlıq müəssisəsinə, Sərkar kəndində salınmış intensiv şaftalı, nektarin, gilas, ərik və gavalı bağlarına, təkrar qarğıdalı əkinlərinə baş çəkib. Təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər, təkrar əkinlərin əhəmiyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında da  fikir mübadiləsi aparılıb.

Zabit XƏLİLOV,

“Respublika”.