BMT Sivilizasiyalar Alyansında görüş
İQTİSADİYYAT

BMT Sivilizasiyalar Alyansında görüş

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) İdarə heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisiçisi Vasif Eyvazzadə ilə BMT Sivilizasiyalar Alyansının direktoru Nihal Saad arasında Nyu-York şəhərində görüş keçirilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq layihələrin icrasında səmərəli tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin himayəsi və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı müzakirə zamanı V.Eyvazzadə

 Forumun Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı əsasında təşkil ediləcəyini  bildirmişdir. Bu çərçivədə yaxın zamanda beynəlxalq tərəfdaşlarla birgə Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli görüşünün keçiriləcəyi, həmin görüşdə təşkilatçılar tərəfindən tədbirin proqram və konseptual məsələlərinin təqdim ediləcəyini diqqətə çatdırılıb.

Görüş zamanı, eyni zamanda Azərbaycan tərəfindən 2021-ci ildə irəli sürülmüş Mədəniyyət naminə Sülh Qlobal Çağırışı çərçivəsində BMTSA ilə əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və V.Eyvazzadə gündəlikdə olan məsələlər barədə

Mədəniyyət Nazirliyinin rəhbərliyini məlumatlandıracağını, habelə layihənin sürətli icra edilməsi üçün qısa müddətdə lazımi addımların atılacağına əmin olduğunu ifadə etmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə 2011-ci ildən etibarən Bakı şəhərində beş dəfə yüksək səviyyədə təşkil edilmişdir.

Nəriman CAVADOV,

“Respublika”.