İrimiqyaslı istehsal gücləri yaradılır
İQTİSADİYYAT

İrimiqyaslı istehsal gücləri yaradılır

Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi bir dövrdə Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir.

Ümummilli liderin formalaşdırdığı təməllər üzərində Prezident İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji siyasəti Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı  təmin edən örnək enerji təhlükəsizliyi modelidir. Bu model həm də enerji resurslarının enerji təchizatı mənbələri və marşrutları vasitəsilə tədarük bazarlarının şaxələndirilməsi, enerji keçidi prosesinin rasional idarə edilməsidir. Ölkəmiz bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında ön sıralardadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 8 il öncə "Azərişıq" Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklər ordusu çalışır. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik  enerjisi ilə  təmin olunur, qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilir. Vurğulamaq lazımdır ki, Vətən müharibəsindəki tarixi qələbəmizdən  sonra "Azərişıq" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma  işləri aparılır.

"Azərişıq" ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xətai rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət işi  abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla davam etdirilir.

Rayon Enerji Təchizatı və Satışı İdarəsi müasir binada yerləşir.

Satış İdarəsinin rəisi, təcrübəli energetik Elşən Vəliyevlə ərazidə görüşdük. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Ölkəmizin energetikləri ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyini uğurlu nəticələrlə qeyd etmək üçün 2023-cü ildə səylə çalışırlar. Prezident cənab İlham Əliyevin belə bir fikrini xatırlatmaq yerinə düşər: "Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, "Azərenerji" və "Azərişıq" bu istiqamətdə çox böyük işlər görürlər...".

Hazırda Xətai rayonunun ərazisində 122973 abonent vardır. Onların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatına maksimum səy göstərilir, qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verilir. Energetiklərin birgə səyi nəticəsində cari ilin ötən 6 ayında uğurlu nəticələrə imza atılmış, yığım faizi keçən ilin müvafiq dövrü ilə müqayisədə artmış, abonentlərə xidmət işinin səviyyəsi yüksəlmişdir. 2023-cü ilin birinci yarısında Mehmandarov, İ.İsmayılov, İ.Məmmədov, Lütfizadə, T.Bayramov, M.Mehdizadə küçələrində 5,2 kilometr  sahəyə naqil xətti çəkilmiş, 2,4  kilometrlik 6,10 kilometr sahəyə kabel xətti çəkilmiş, 7 ədəd 4 kilovoltluq dayaq quraşdırılmış, 1,5 kilometr 0,4 kilovoltluq ÖİN tipli kabel xətti çəkilmiş, 1,8 kilometr sahənin ətrafı alaq otlarından təmizlənmişdir.

İlin birinci yarısında yaşayış binalarına yeraltı kabel xətləri çəkilmiş, 70 6/10 kilovoltluq dayaqlar, həmçinin 201 ədəd 0,4 kilovoltluq dayaq rənglənmiş, 1 ədəd 6 və 1 ədəd  10 kilovoltluq KTM quraşdırılmışdır.

İdarədə kadr potensialını gücləndirmək, energetika sektorunda uğur qazanmaq məqsədilə gənc kadrlar işə götürülmüş, onlar üçün normal iş şəraiti yaradılmışdır.

Qeyd etmək lazımdır ki, rayonun müxtəlif ərazilərində abonentlərlə geniş maarifləndirmə işləri aparılır, onlara tövsiyə olunur ki, təhlükəsizlik texnikasına ciddi riayət etsinlər, qənaət rejimini diqqət mərkəzində saxlasınlar.

Enerji Təchizatı və Satışı İdarəsindəki Abonent Etiraz Komissiyasının fəaliyyəti də təqdirəlayiqdir. Komissiyaya müraciət edən abonentlərin problemləri vaxtında həll olunur.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, cəmiyyətə tələb olunan təcrübəli kadr potensialını vermək üçün "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə olunan müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Xətai rayonunda bu sahədə yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində kurslara cəlb olunur və burada xeyli təcrübə toplayırlar.

Elşən Vəliyev son olaraq vurğuladı ki, Azərbaycan energetikləri  qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.

Qədir ASLAN,

"Respublika".