İtaliyanın ANSA xəbər agentliyi AZƏRTAC ilə imzalanan yeni tərəfdaşlıq müqaviləsinin əhəmiyyətindən yazıb
Digər xəbərlər

İtaliyanın ANSA xəbər agentliyi AZƏRTAC ilə imzalanan yeni tərəfdaşlıq müqaviləsinin əhəmiyyətindən yazıb

İtaliyanın ANSA xəbər agentliyi AZƏRTAC ilə imzalanan yeni tərəfdaşlıq müqaviləsinin əhəmiyyətindən yazıb.

AZƏRTAC xəbər verir ki, agentliyin saytında və müxtəlif sosial media resurslarında paylaşılan məlumatda hər iki media qurumunun baş ofislərində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də iştirakı ilə yeni mühüm əməkdaşlıq müqaviləsinin imzalandığı qeyd olunur.

Bildirilir ki, müqavilə sayəsində ANSA və AZƏRTAC öz oxucuları və abunəçiləri üçün beynəlxalq informasiya xidmətləri təklifini zənginləşdirir, birgə informasiya mübadiləsini təkmilləşdirirlər.

Qeyd olunub ki, ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri AZƏRTAC ilə uzun müddətdir davam edən əməkdaşlığın imzalanan bu müqavilə ilə yeni mərhələyə qədəm qoymasından məmnunluğunu ifadə edərək deyib: "AZƏRTAC ilə imzalanan yeni tərəfdaşlıq müqaviləsi Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində illərdir əməkdaşlıq edən iki agentlik arasındakı əlaqələri daha da möhkəmləndirir. Tərəfdaşlıq müqaviləsi birgə layihələrin inkişafı üçün mühüm yeni başlanğıc olmaqla yanaşı, İtaliyada Azərbaycan barədə, Azərbaycanda isə İtaliyaya dair tam və dəqiq məlumat əldə etmək imkanına zəmanət yaradır".

Məqalədə imzalanma mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun AZƏRTAC və ANSA-nın yeni müqavilə imzalamaqla tarixi tərəfdaşlıq əlaqələrinə sadiq qaldıqlarını və bu əməkdaşlığı yeni müstəviyə qaldırmaqda maraqlı olduqlarını bir daha göstərdiklərini ifadə etdiyi diqqətə çatdırılıb. AZƏRTAC-ın İdarə Heyəti sədrinin "Son illərdə biz həm ikitərəfli, həm də üzv olduğumuz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etmişik. Əminəm ki, yenilənmiş tərəfdaşlıq sazişi informasiya və video resursların mübadiləsi sahəsində tərəfdaşlığımızı gücləndirəcək, ölkələrimiz haqqında xəbərlərin orijinal və etibarlı mənbələrdən yayılmasına zəmanət verəcək və qarşılıqlı etimadı daha da gücləndirəcək", - fikri xüsusi vurğulanıb.

Həmçinin bildirilib ki, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ANSA ilə AZƏRTAC arasında imzalanan tərəfdaşlıq müqaviləsinin iki agentliyin əlaqələrinin genişləndirilməsinə və effektiv informasiya mübadiləsinə şərait yaradacağına əminliyini ifadə edib.

Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin isə iki ölkə arasında münasibətlərin davamlı inkişaf yolu keçdiyini və çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırması qeyd olunub. Bildirilib ki, səfir ölkələrimizin bu səmərəli əməkdaşlığı fonunda AZƏRTAC ilə ANSA-nın imzaladığı yeni tərəfdaşlıq müqaviləsinin iki əsas xəbər agentliyimiz arasında münasibətlərin inkişafına səbəb olacağını, həmçinin ölkələrimizin oxucularının yeni reallıqlar haqqında etibarlı məlumat əldə etmək imkanı qazanacaqlarını vurğulayıb.

AZƏRTAC