Reinteqrasiya ən məqbul çıxış yoludur
Digər xəbərlər

Reinteqrasiya ən məqbul çıxış yoludur

Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması ilə nəticələndi.  Erməni əhalisini girov saxlayan, antiterror tədbirlərinin gedişatı zamanı onları məcburi şəkildə silahlandırmağa çalışan xunta rejiminin sonu nəhayət gəlib çatdı.

Cənubi Qafqaz artıq növbəti mərhələnin - sülh, sabitlik, həmrəylik və inkişafın astanasındadır. Suveren ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin  çıxarılması və separatçıların tərk-silah edilməsi bunu deməyə əsas verir. Yüksək dəqiqliklə yerinə yetirilən antiterror tədbirləri nəticəsində postmüharibə dövründə reinteqrasiya üçün müzakirələrdən imtina edənlər özləri Azərbaycana müraciət etmişlər. Bütün bunlar Azərbaycan dövlətinin qətiyyətli hərbi və siyasi gücünün göstəricisidir.

Azərbaycan həmişə olduğu kimi, bu gün də öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışır. Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən sülh danışıqlarında bunu dəfələrlə bəyan etmişdir.

Ermənistan siyasi hakimiyyətindən fərqli olaraq Azərbaycan müharibəyə son qoymağa və 30 illik münaqişənin yekunu olaraq sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə sözdə də, əməldə də sübut etmişdir. Ölkə başçımız regiondakı yeni reallıqlara uyğun prinsiplər barədə təkliflər irəli sürərək beynəlxalq hüquq normaları çərçivəsində məsələnin həlli üçün əlindən gələni edib. Ermənistan isə imitasiya, əsassız ittihamlar irəli sürməklə prosesi ləngitməyə yönəlmiş siyasət yürütmüşdür.

Regionda gərgin vəziyyəti qoruyub saxlamaq istəyənlərə və separatçılara ölkə başçımız tərəfindən dəfələrlə bildirilib ki, "... sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə". Prezidentimiz onlar üçün qalan yeganə imkanları da bildirmişdir: Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın normal vətəndaşı olmaq, öz "saxta dövlət atributları"nı zibil yeşiyinə atmaq və "parlament"i buraxmaq. Əfsuslar olsun ki, xunta rejimi bu kimi çağırışlara məhəl qoymayaraq növbəti dəfə təxribat yoluna əl atdı. Xankəndidəki xunta rejiminin saxta "seçkilər" keçirməsi isə artıq riyakarlığın ifrat həddə çatdığını bariz şəkildə göstərirdi.

"Qarabağ Azərbaycanın daxili işidir" prinsipial mövqeyini qəbul etsələr də, etməsələr də, heç kim bizim iradəmizə təsir edə bilməz. Azərbaycan antiterror tədbirləri çərçivəsində bunu bir daha sübut etdi. Digər tərəfdən, Azərbaycan öz haqq işini BMT-nin müvafiq konvensiyalarına, beynəlxalq hüquq normalarına əsaslanaraq formalaşdırmışdır. Bu səbəbdən də separatçıların hay-küyü dünyanın mötəbər siyasi arenalarında eşidilməz oldu. Bu, Azərbaycanın yüksək diplomatik peşəkarlıqla beynəlxalq səviyyədə qəbul olunan gündəliyə uyğun konstruktiv mövqe sərgiləməsinin nəticəsidir.

Ölkə başçımız sentyabrın 20-də xalqa müraciəti zamanı bildirmişdir: "Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur". Separatçı rejim və anti-Azərbaycan dairələri məsələnin dinc yolla, sakitcə həlli istiqamətində heç bir addım atmadılar. Bu, bizim üçün olduqca tanış mənzərədir. 30 illik işğal dövründə də beynəlxalq güc dairələri haqq səsimizi eşitməmiş, törədilən cinayətlər yüksək tribunalardan dünya ictimaiyyətinə bildirilsə də, adekvat yanaşma sərgilənməmişdir.

Bu gün əminliklə deyə bilərik ki, antiterror tədbirləri reinteqrasiyanı daha da mümkün etmişdir. Xatırladaq ki, ilk dəfə bu il martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş və Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların  davam etdirilməsi haqqında razılıq əldə olunsa da, öz xislətinə sadiq qalanlar sonrakı proseslərin müzakirəsi üçün görüşlərdən imtina etdilər. Belə ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ilk görüşdən qısa müddət sonra ikinci görüşə dəvət etdi. Bu dəvət riyakarcasına rədd edildi. Həmçinin cari il avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, növbəti dəfə son anda erməni tərəfi bu görüşdən də imtina etdi.

Prezident İlham Əliyev bu cür riyakarlığa cavab olaraq bildirdi ki, üçüncü dəvət olmayacaq. Sözü imzası qədər dəyərli olan ölkə başçımızın bu ifadəsindən sonra antiterror tədbirlərinin nəticəsi olaraq özlərinin birbaşa təklifi ilə dünən Yevlaxda dialoq masasına əyləşənlər Azərbaycanın qətiyyətli mövqeyinin bir daha şahidi oldular. Belə ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Azərbaycan mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.

Regionda yaranan yeni reallıqlara əsasən deyə bilərik ki, artıq Cənubi Qafqazı xoş günlər gözləyir. Xunta rejiminin  əsarətində olan erməni xalqı artıq azaddır. Daha onları çirkin planlara alət edənlər regionda olmayacaq. Digər etnik mənsubiyyətə malik vətəndaşlarımız kimi, ermənilər də ölkəmizdə rahat yaşaya biləcəklər.  Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.  Məhz bu çərçivədə etnik ermənilərin rahat həyat şəraiti təmin ediləcəkdir. Bunun üçün də reinteqrasiyanın reallaşması erməni əhalisinin yeganə çıxış yoludur.

 

Nurlan ABDALOV,

"Respublika".