Çətin və şərəfli yol
SİYASƏT

Çətin və şərəfli yol

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış,  milli azadlıq,  istiqlal uğrunda mübarizə aparmışdır. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın,  azadlıq eşqinin bəhrəsi idi.  Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə,  oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da,  Azərbaycan müstəqil,  demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.  Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.  Həmin tarixi və möhtəşəm gündən artıq 30 illik bir müddət keçmişdir.  Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa,  tərəqqiyə nail olsa da,  əldə edilən nailiyyətlər,  uğurlar asanlıqla başa gəlməmişdir.  

Müstəqilliyimizin ilk illərində xalqımız  ağır, məşəqqətli günlər yaşadı.  1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdı.  Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımız Azərbaycana pənah gətirmişdi.  Torpaqlarımızda müharibə gedirdi,  çadır düşərgələrinin sayı gündən-günə artırdı.  Dağlıq Qarabağ,  həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.

Ölkədəki hərc-mərclik,  özbaşınalıq,  daxili çəkişmələr,  separatçılıq meyilləri,  Azərbaycana təcrübəsiz şəxslərin rəhbərlik etməsi kövrək dövlət müstəqilliyimizə böyük təhlükələr yaradırdı.  Yalnız 1993-cü ilin iyun ayında xalqımızın vətənpərvər oğlu,  ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi bütün bu dağıdıcı ictimai- siyasi proseslərin qarşısına keçilməz sədd çəkdi.  Heydər Əliyev müstəqil Azərbaycanı qurdu,  gücləndirdi və onu dünya birliyinin layiqli üzvü etdi.  

Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada,  xalqın iradəsində bərqərar etməyə nail oldu,  insanlarda Vətən,  dövlətçilik,  suverenlik,  vətənpərvərlik hissiyyatları gücləndi.  Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi.  1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi,  insan hüquqlarının,  söz və məlumat azadlığının,  vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı.

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə,  demokratik prinsip və təsisatlar yaradıldı.  1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu.  Xarici investisiyaların həcmi artdı,  xalqın həyat səviyyəsi yaxşılaşdı.  Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu,  torpaqlarımızın işğalının qarşısı alındı,  ordu quruculuğuna başlandı.

Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması,  iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal,  qətiyyətli addımlar atmasına şərait yaratdı.  Ulu öndərin ardıcıl olaraq xarici ölkələrə səfərləri,  beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü,  ölkəmizlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi,  rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

Bu gün ümummilli liderin siyasi irsinin layiqli varisi,  ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir.  Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır.  Dövlətin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 18 ildə dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib,  böyük uğurlara imza atılıb.  Bu gün biz bunun müsbət nəticələrini görürük,  şahidi oluruq.  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum,  Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi,  “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması,  Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır.  Bu tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin,  habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil,  həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır.  Ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır.  Avropa Şurasında,  İslam Əməkdaşlıq Təşkilatında,  BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında,  Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.

Qürurverici haldır ki, ötən il ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etdi. Azərbaycan xalqı  Prezident,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin növbəti şanlı səhifəsini yazdı.  Dövlət başçımız İlham Əliyevin qətiyyət,  iradə,  əzm,  milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi,  xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini əldə etdi. Öz torpaqlarımızda xilaskarlıq missiyası yerinə yetirən Silahlı Qüvvələrimiz ötən ilin sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını inamla davam etdirdi.  Xalqımız 30 il bu şərəfli,  şanlı günlərin həsrəti ilə yaşadı.  Torpaq itkisinə dözmək çətin olsa da,  üç onillik ərzində zəfər gününün gələcəyini böyük inamla gözləmişik,  qəlbimiz həmişə düşmən işğalında qalan yurd yerlərimizlə döyünüb,  fikrimiz,  düşüncələrimiz Şuşada,  Xankəndidə,  Kəlbəcərdə,  Laçında,  Qubadlıda gəzib dolaşıb.  Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə bərpa etdi.  Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini,  gücünü özünə qaytardı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.  Bugünkü Azərbaycan bir daha göstərir ki,  müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir.  Azərbaycanın müstəqilliyi əbədidir”.  

                                                                                        M. MİRZƏ,

                                                                   “Respublika”.